Uşaqlarda özünə inam yaratmağın yolları

Text Page

Uşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir. Əgər uşağınız yeni bir məktəbə getməyə, ya da heç tanımadığı bir mühitdə yaşamağa başlamışdırsa, hər şeydən çox sizin dəstəyinizə ehtiyac vardır. Çünki bu dövrlərdə uşaqlar özlərini yalnız hiss etməyə meyilli olurlar və onların özlərinə olan inamları olduqca azalır. Yaşadığı bu problemləri rahat şəkildə aradan qaldıra bilməsi üçün hər zaman onun yanında olduğunuzu uşağınıza hiss etdirin. “Mən onsuzda onun yanındayam, amma bu vəziyyət nə qədər vaxt çəkə bilər ki?” deyənlər aranızda mütləq var. Haqlısınız, bu vəziyyətdə edə biləcəyiniz tək şey uşağınıza mümkün qədər tez özünə inamı qazandırmaqdır.

Özünə inam dediyimiz şey nədir?

Mütəxəssislərə görə, özünə inam insanın özü haqqında hiss etdiyi bütün yaxşı hissləridir. Bir insan özü haqqında nə qədər yaxşı hissə sahibdirsə və özündə olan potensialının nə qədər fərqindədirsə, o qədər özünə inamlıdır.

Nə üçün özünə inamın olması bu qədər önəmlidir?

Çünki özünə inam sayəsində insanlar özlərini və edə biləcəklərini kəşf edirlər, yalnız başqalarının  nələrsə edə biləcəyi düşüncəsindən  uzaqlaşır və öz qərarlarını həyata keçirmək üçün rəqabət aparırlar. Əks təqdirdə isə  öz düşüncələrini ifadə etmədən başqalarının göstərişi altında ömürlərini keçirərlər və heç bir zaman özlərini tanıma fürsəti əldə etməzlər.

Nələr edə bilərsiniz?

  • Uşağınızda özünə inamın formalaşmasının qarşısını alan ən böyük qüsur onu başqa birisiylə müqayisə etməkdir. Əsla uşağınızı bir başqasıyla, xüsusilə də, qardaşı (bacısı) ilə müqayisə etməyin;

  • Övladınızın potensialını anlamağa çalışın və onu edə bilməyəcəyi işlərə təhrik etməyin;

  • Onun elədiyi yaxşı işləri təqdir edin və onu mükafatlandırın;

  • Övladınızla yaxşı bir münasibət qurmağa çalışın və özünə inam problemi hiss etdiyiniz anlarda ona dəstək olun;

  • Ona müxtəlif tapşırıqlar verin, ancaq  bu tapşırıqların onun potensialını aşmadığından əmin olun. Məsələn, birlikdə maşın yumaq, yemək süfrəsini hazırlamaq uşağınız üçün özünə inamı inkişaf etdirəcək fəaliyyətlər ola bilər. Bu fəaliyyətlərdən sonra ona təqdir edən sözlər söyləməyi unutmayın;

  • Övladınızla birlikdə edəcəyiniz hər bir fəaliyyəti ona danışın. Ondan fikrini soruşduğunuzda o, həm ona verdiyiniz dəyəri anlayacaq, həm də özünü ifadə edə bilməyi öyrənəcəkdir;

  • Övladınızın səhvləri haqqında heçkimin, xüsusilə də  dostlarının yanında danışmayın. Bu davranışınızla uşağınızı təhqir etməklə qalmır, həm də onun sizə olan inamını da itirmiş olursunuz.