Erkən uşaqlıq dövrü inkişafında bağlılığın əhəmiyyəti

Text Page

Bağlılığın inkişafında ana və uşaq arasında olan isti və emosional əlaqə uşağın həm özünə, həm başqalarına, ümumiyyətlə,dünyaya qarşı güvəninin  yaranmasında əsas rol oynayır. Bağlılıq, bioloji ehtiyac olduğu üçün, o həmişə - yaxşı və ya pis olmasından asılı olmayaraq formalaşır. Bir uşağın baxıcıları ilə sağlam bağlılığı varsa, bu o deməkdir ki, uşaq yetkinlərin onun ehtiyaclarına cavab verəcəyinə əmin ola bilər. Məsələn, ac, yorğun olduğu və ya qorxduğu halda, baxıcısı onun ehtiyaclarını ödəməyə və ya təsəlli etməyə hazırdır. Sağlam bağlılıq, uşağın ətrafı mühiti inamla araşdırmağa və özgüvən hissini inkişaf etdirməyə imkan verir. Bu, uşağın xoşbəxt və sağlam bir yetkin olmasına kömək edəcəkdir. Lakin bir uşaq, baxıcısının onun qayğısına qalacağına və ardıcıl olaraq onun ehtiyaclarına cavab verəcəyinə güvənə bilmirsə, bu uşağın inkişafına çox ciddi zərər vurmuş olur. Əgər yetkinlər uşağa qarşı davranışlarında məsuliyyətsizdirlərsə, uşaq ətrafdakı böyüklərin necə davranacağını təxmin edə bilmədiyi üçün çox narahat olur; uşaq hətta ehtiyaclarını ödəməyə çalışmaqdan belə imtina edə bilər. Bağlılıq, uşaqların başqaları ilə necə əlaqə quracağının və özünü necə ifadə edəcəyinin təməlini qoymaqda əsaslı rol oyanır. Əsasən üç sahəyə təsir göstərir:

  1. Uşağın özünü hiss etməsi
  2. Uşağın başqalarını hiss etməsi
  3. Uşağın özü və başqaları ilə münasibəti.

Beləliklə, bağlılıq uşaq inkişafı üçün pozitiv və ya neqativ yol aça bilir və onların gələcəkdəki münasibətlərini və əlaqələrini necə quracaqlarını müəyyənləşdirir.

Uğurlu bağlılığın nəticələri

Etibarlı bağlılıqla böyüyən uşaqlar yetkinlik yaşında da güclü bağlılıq formalaşdırmağa hazır olacaqlar, çünki onlar erkən yaşda güvənilir bağlar yaradıblar. Körpəlikdə etibarlı bağlılıq erkən dövrlərdən çoxlu ünsiyyət və qarşılıqlı əlaqə deməkdir. Etibarlı bağlılıq həm də güclü özünə inamı formalaşdırır, çünki qayğı göstərilən uşaq özünü önəmli hesab edir. Bundan əlavə özünü müstəqil hiss etmə və güclü kəşf etmə duyğusunun təməli qoyulur. Erkən yaşlarda bu, məktəbdə inamlı olmaq, müəllimlər və yaşıdları ilə uğurlu münasibət qurmağa kömək edir. Böyüdükcə isə bu yaxşı məktəb göstəriciləri, həmyaşıdları ilə işləmək və əməkdaşlıq etmək bacarığı deməkdir. Uğurlu bağlılıq uşaq inkişafı zamanı yaranan pis vərdişlərin – asılılıq, xoşagəlməz davranışlar və tələbkar davranış – qarşısını almağa da kömək olur.

Etibarsız bağlılığın nəticələri

Etibarsız bağlılıq isə əksinə olaraq uşaq inkişafına mənfi təsir göstərir və onun fəsadları yetkinlik yaşında da davam edə bilər. Erkən inkişafda yaranan və yetkinlik yaşında da davam edən mənfi təsirlər çoxdur, məsələn:

  • Zəif sosial, problemi həll etmə və bir işin öhdəsindən gəlmə bacarığı
  • Özündən çıxmaq
  • Asılı və özünə qapalı davranma
  • Aqressiya

Uşağın əsas baxıcısı ilə münasibətlərinin önəmli cəhətlərindən biri emosional münasibətlərin hansı formada modelləşdirilməsidir. Sosial bacarıqlardan istifadə etmək və ya emosialarını tənzimləmək əvəzinə, etibarsız bağlılığı olan uşaqlar, təhrif olunmuş davranışları ilə diqqəti cəlb etməyə çalışırlar - və ya hisslərini tamamilə gizlədirlər. Bu cür maskalanma və ya daxilə qapanma bəzi hallarda depresiya, narahatlıq və psixoloji pozuntuları inkişaf etdirə bilər. Bu cür hallar yetkinlik yaşında özünə inamsızlıq, təcrid olma və cəmiyyət tərəfindən qəbul olunmamağa gətirib çıxara bilər.