Uşaq psixologiyası nədir?

Text Page

Uşaq psixologiyası və inkişafı

Uşaq psixologiyası psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir. Uşaq psixologiyası təkcə uşaqların necə böyüdükləri ilə deyil, həm də onların zehni, emosional və sosial inkişafı əhatə edir.

Uşaq psixologiyasında əsas kontekslər

Bir çoxları düşünür ki, uşağın necə böyüməsi və inkişaf etməsi onun genetikasından və daxili xarakterindən asılıdır. Lakin, uşaq inkişafı təkcə onun daxilindən gəlmir, həmçinin ətraf mühit faktoru da – sosial münasibətlər, mədəniyyət – çox əhəmiyyətli rola malikdir. Uşaq psixologiyasının təhlili zamanı nəzərə almalı olduğumuz üç əsas kontekst var.

Mədəniyyət konteksti

Bir uşağın yaşadığı mədəniyyət, onun ömrü boyu inkişafına təsir göstərəcək dəyərlər, adətlər, ortaq fərziyyələr və həyat tərzlərini ilə müəyyənləşir . Mədəniyyət uşaqların valideynlərinə necə münasibət göstərmələrini, aldıqları təhsil növünü və uşağa qayğı sistemini müəyyən edir.

Sosial Kontekst

Böyüklər və həmyaşıdları ilə münasibət uşaqların düşüncə tərzinə, öyrənməsinə və inkişafına təsir edir. Ailə, məktəb və həmyaşıdlar qrupu sosial kontekstin əsas parçasıdır.

Sosial-iqtisadi Kontekst

Sosial sinif də həmçinin uşaq inkişafında böyük rol oynayır. Sosial-iqtisadi status insanların neçə təhsil alması, nə qədər pul qazanması, hansı işdə işləməsi və harada yaşaması kimi bir çox faktora əsaslanır. Yüksək sosial-iqtisadi statusa malik ailələrdə böyüyən uşaqlar üçün imkanlar daha əlçatan olduğu halda, nisbətən aşağı sosial-iqtisadi statusa malik ailələrdə uşaqların səhiyyə, keyfiyyətli qida və təhsil kimi imkanlara çıxışı daha az olur. Yadda saxlamaq lazımdır ki, bu kontekslər bir-biri ilə sıx əlaqəlidir. Məsələn, uşaq sosial-iqtisadi vəziyyətə görə bir çox imkanlardan məhrum olsa da, zəngin sosial münasibətlər və mədəniyyət konteksti bu qeyri-bərabərliyi aradan qaldırmağa kömək edəcək.

Əhəmiyyətli təsirlər

Uşaq psixologiyası davranış üzərində olan genetik təsirlərdən, uşaq inkişafına təsir göstərən sosial təzyiqlərə qədər geniş mövzuları əhatə edir. Uşaq psixologiyasının öyrənilməsi üçün vacib olan sahələr aşağıdakılardır:

Zehni inkişaf

Ətraf mühitin təsirləri

Gender rolları

Genetika

Dil

Şəxsiyyətin inkişafı

Prenatal inkişaf

Sosial artım

Uşaq inkişafına nələrin təsir etdiyini başa düşmək çox böyük bir vəzifədir, buna görə də uşaq psixologiyasının öyrənilməsi həm geniş, həm də dərindir. Məqsəd, uşaqları formalaşdıran, bir-biri ilə əlaqəli olan təsirləri öyrənmək və bu informasiyanı valideynlik bacarıqları, təhsil, uşaq qayğısı, psixoterapiya və uşaqların faydalanacağı bir çox sahəni təkmilləşdirməkdən ibarətdir. Valideynlər və uşaqlarla işləyən mütəxəssislər onların necə böyüməsi, düşünməsi və davranması mövzusunda əsaslı biliyə sahib olduqda, uşaqlara kömək etmək üçün daha hazırlıqlı olurlar.


Mənbə: Verywellmind

Məqaləni Azərbaycan dilinə tərcümə etdi : Sovqat Əzimova