Uşaq davranışlarının idarə olunması

Text Page

Davranışların idarə olunması haqqında

Davranışların idarə olunması, uşağınızın düzgün davranış yolunu öyrənməsi üçün onun davranışlarını istiqamətləndirməkdən ibarətdir. Müsbət və konstruktiv yanaşma, çox vaxt, uşağınızın davranışını istiqamətləndirmək üçün ən yaxşı yoldur. Bu, xoşagəlməz davranışına görə onu cəzalandırmaqdansa, özünü yaxşı aparanda diqqət ayırmaq deməkdir. Ancaq, uşaqların fərqli mərhələlərdə və xüsusi vəziyyətlərdə çətin davranış sərgiləmələri normaldır. Beləliklə, uşağınızın davranışını idarə etmək üçün ilk öncə onun davranışını anlamaq lazımdır. Bu yolla övladınızın davranışının səbəblərinə ən uyğun gələn davranış idarəetmə üsulu seçə bilərsiniz. Güclü ailə münasibətlərini inkişaf etdirməklə yanaşı, eyni zamanda davranış idarəetmə strategiyalarından istifadə edirsinizsə, övladınızın uyğun davranışları öyrənməsinə kömək etmək üçün düzgün yoldasınız.

Uşağın davranışlarının idarə olunması üçün ilk addım

Uşağınızın niyə müəyyən bir şəkildə davrandığını anlaya bilsəniz, ona ən yaxşı şəkildə  necə cavab verəcəyinizi öyrənə bilərsiniz. Buna görə də davranış idarə etmə strategiyalarını seçməzdən əvvəl bir neçə məsələni yoxlamaq yaxşıdır. Birincisi, uşağınızın davranışı birdən-birə dəyişirsə, uşağınızın sağlam olmasından və kifayət qədər yuxu aldığından əmin olun. Bəzən çətin davranış uşaqların yaxşı olmadığının ilk əlamətidir. Əmin deyilsinizsə, müayinə üçün uşağınızı ailə həkiminə göstərin. Sonra uşağınızın inkişafı haqqında düşünün. İnkişafın müxtəlif mərhələlərində bu və ya digər çətin davranışların normal olduğunu unutmaq olmaz. Məsələn, körpələr və məktəbəqədər yaşlılarda özündən çıxma (tantrum) çox yayğındır, çünki bu yaşda uşaqlarda böyük emosiyalar olur və onları ifadə etmək üçün kifayət qədər söz ehtiyatları yoxdur. Üçüncüsü, ailədə övladınızın davranışına təsir göstərə biləcək hər hansı bir ciddi dəyişiklik olub olmadığını düşünün. Məsələn, çətin davranış, ailədə  yeni bir körpə doğulduqdan sonra, uşaqlar məktəbə başladıqda və ya ailədə ölüm hadisəsi baş verdikdə, normaldır. Övladınızın davranışının arxasındakı səbəbləri bilmək və duyğularını anlamaq, bu çətin davranışlara etinasız yanaşa bilərsiniz anlamına gəlmir, əksinə buna necə cavab verəcəyinizi öyrənməyə kömək edir. Bundan əlavə, fərqli mərhələlərdə və fərqli şəraitdə tipik olan davranışları bilmək, uşağınızın çətin davranışı ilə əlaqədar əlavə yardıma ehtiyacınız olub olmadığını bilməyinizə yardımçı ola bilər. 

Özünüzə uyğun olan strategiyanı seçmək

Təkcə bir davranış idarəetmə strategiyası hər şeyi düzəldə bilməz. Bəzi strategiyalar ailəniz və olduğunuz vəziyyət üçün digərlərindən daha yaxşı işləyə bilər. Ehtimal ki, bir neçə strategiyanı birlikdə istifadə etməlisiniz. Əgər strategiyaların istifadəsi sizin üçün çətindirsə və ya sizin üçün işləmirsə, həkiminizdən dəstək istəmək məsləhətdir. Autizm spektri pozğunluğu olan uşaqlarda çətin davranışı idarə etməkdə əlavə dəstəyə ehtiyacınız ola bilər.

Sınaqdan keçirilmiş davranış idarə etmə strategiyaları

Növbəti günlərdə sizə təqdim edəcəyimiz davranışı idarə etmə strategiyaları etibarlı araşdırmaların nəticələrinə əsaslanır. Bu strategiyalar ailə mühitində praktiki sınaqdan keçirilib. Sizə, uşağınızın yaşına və ailə mühitinə ən uyğun olanı tapmaq üçün ola bilər ki siz, bir neçə üsulu sınamalı olasınız. Davranışı idarəetmə strategiyaları, evdə sağlam, pozitiv mühit yaratmağa, ailə münasibətlərinizi sevgi, ünsiyyət ilə möhkəmləndirməyə zaman və əmək sərf etdiyinizdə daha yaxşı nəticələr verir.Yaxşı ailə münasibətləri uşağınızın özünü təhlükəsiz və sevilən hiss etməsini təmin edir. Uşaqların böyüməsi və öyrənməsi üçün lazım olan budur. Uşaqların çətin davranışlarını idarə etmək həmişə asan deyil. Sağlam qida, istirahət və idmanla qayğınıza qaldığınız zaman özünüzü daha yaxşı hiss edəcəksiniz və sakit qalmaq və uşağınızın davranışına cavab vermək daha asan olacaq.


MƏNBƏ: Raising Children Australia

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA