Uşaqlara bacarıqların öyrədilməsi: müxtəlif yanaşmalar

Text Page

Valideynlərin uşaqlara bacarıqlar öyrətməsi

Siz övladınızın ilk və ən önəmli müəllimisiniz. Hər gün uşağınızın yeni məlumatlar, bacarıq və davranışlar öyrənməsinə kömək edirsiniz. Uşaqlara bacarıqlar öyrətmək, davranışı idarə etmək üçün vacib olan ilk addımdır. Məsələn, uşağınız masanın necə qurulacağını bilmirsə, bunu etməkdən imtina edə bilər - çünki bacarmır. Həlli nədir? Ona bunu öyrətmək. Uşaqlara ən təməl bacarıq sayılan özünə qulluqdan başlayaraq, mürəkkəb sosial bacarıqlara qədər hər şeyi öyrənməyə kömək edə biləcəyiniz üç əsas yol vardır:

  • təlimatlar
  • modelləşdirmə
  • addım addım

Unutmayın ki, bacarıqların inkişafı üçün zaman və praktika lazımdır.

Təlimatlar: bacarıqları izah edərək öyrətmək

Bu sadəcə nə və ya necə edəcəyini izah edərək uşağınıza bir işi öyrətməkdir. Ehtimal ki, övladınıza hər zaman təlimat və izahat verirsiniz.

Yaxşı təlimat vermək üçün nə etməli?

  • Yalnız uşağınızın diqqəti sizdə olduğu zaman təlimat verin. Övladınızın adını istifadə edin və danışarkən sizə baxmasını təmin edin;
  • Danışarkən uşağınızla eyni fiziki səviyyədə olun;
  • Arxa planda diqqəti yayındıran nələrinsə (məs. TV) olmadığına diqqət edin;
  • Uşağınızın başa düşəcəyi dildə danışın. Cümlələrinizi qısa və sadə saxlayın;
  • Aydın, sakit bir səs tonundan istifadə edin;
  • Uşağınızın diqqətini cəlb etməsini istədiyiniz şeyləri jestlərlə göstərin;
  • Övladınız bir tapşırığı özü sərbəst yerinə yetirməyi öyrəndikcə, təlimatları tədricən aradan qaldırın;
  • Plakatlar və ya illüstrasiya (şəkillər) uşağınıza verdiyiniz təlimatları təsəvvür etməyə kömək edə bilər. Plakatlar həmçinin sözləri başa düşməkdə çətinlik çəkən uşaqlara da yardımçı ola bilər.

Modelləşdirmə: bacarıqların göstərərək öyrədilməsi

Sizi izləməklə övladınız nə edəcəyinizi və necə edəcəyinizi öyrənir. Bu proses “modelləşdirmə” adlanır. Modelləşdirmə ümumiyyətlə uşaqlara yeni bir bacarıq öyrətmək üçün ən səmərəli üsuldur. Məsələn, uşağınıza yatağı necə yığışdırmağı, döşəməni süpürməyi və ya topu atmağı izah etməkdənsə göstərmək daha əlverişlidir. Övladınıza bədən dili və səs tonu kimi ünsiyyət bacarığı və davranışlarını göstərmək üçün də modelləşdirmədən istifadə edə bilərsiniz. Məsələn, insanlarla söhbət edərkən onların üzünə baxdığınızı ya da kiməsə təşəkkür edərkən gülümsədiyinizi göstərə bilərsiniz. Modelləşdirmə sosial bacarıqların mənimsənilməsi üçün də vacibdir. Övladınızın ‘Təşəkkür edirəm, ana’ və ya ‘Xahiş edirəm, baba’ kimi cümlələr istifadə etməsinə təkan vermək bunun bir nümunəsidir.

Yaxşı modelləşdirmə üçün:

  • Övladınızın diqqətini cəlb edin və sizə baxdığından əmin olun.
  • Elə edin ki, uşağınız sizi izləsin. Sonra, öyrətmək istədiyiniz bacarığı yavaş-yavaş icra edin ki, o, nə etdiyinizi aydın görsün.
  • Etdiyiniz işin vacib məqamlarını vurğulayın. Məsələn, ‘Bax mən necə…’. Əgər qonağı salamlamaq kimi sosial bacarıqları modelləşdirirsinizsə, bitirdikdə sonra bunu edə bilərsiniz.
  • Sizin bir işi etdiyinizi gördükdən sonra, övladınıza bu bacarığı məşq etməsi üçün çoxlu fürsət verin - məsələn, "Hə, indi sən et".

Addım-addım: tapşırığı hissələrə bölməklə bacarığı öyrətmək

Bəzi tapşırıqlar və ya fəaliyyətlər mürəkkəbdir, və ya bir sıra hərəkətləri özündə cəmləyir. Belə olduğu halda, tapşırığı daha kiçik addımlara bölə bilərsiniz. Addım-addım öyrətmə - bacarığı təşkil edən addımları bir-bir öyrətməkdən ibarətdir. Övladınız ilk addımı öyrəndikdən sonra, növbətini, sonra yenə növbətini öyrənir. Növbəti mərhələyə övladınız əvvəlki addımı sizin köməyiniz olmadan, sərbəst şəkildə icra etdiyi zaman keçin. Uşağınız bütün tapşırığı özü yerinə yetirməyi bacarana qədər davam edirsiniz. Tapşırıq mürəkkəbdirsə, tapşırığın birinci hissəsini göstərin və övladınıza məşq etmək şansı verin. Sonra növbəti hissəyə keçin. Mümkünsə ən asan hissələrdən başlayın.

Addım-addım öyrətmə: nümunə

Geyinmə tapşırığını necə bölə bilərsiniz:

Paltarları dolabdan çıxar.

Alt paltarını geyin.

Corabını geyin.

Köynəyi geyin.

Şalvarı geyin.

Sviteri geyin.

Yuxarıdakı addımların hər birini də hissələrə ayırmaq olar. Bu, mürəkkib bir tapşırığı asanlaşdıra və ya öyrənmə problemləri olan uşaqlara kömək ola bilər. Məsələn, ‘sviter geyin’ bu şəkildə hissələrə bölünə bilər:

  • Sviteri düzgün şəkildə tutmaq.
  • Sviteri başın üstündən keçirmək.
  • Bir qolu geyinmək.
  • Digər qolu geyinmək.
  • Sviteri aşağı çəkmək.

Bacarıqları öyrətmək: metodları özünüzə uyğunlaşdırmaq üçün tövsiyyələr

  • Başlamadan əvvəl, uşağınızın yeni bacarığı öyrənməsi  üçün koordinasiya, fiziki qabiliyyət və inkişaf yetkinliyinə sahib olduğundan əmin olun. Daha mürəkkəb bacarıqları öyrətməzdən əvvəl, uşağınıza sadə bacarıqları öyrətməyiniz lazım ola bilər.
  • Vaxt və mühit barədə düşünün. Uşaqlar ayıq və diqqətli olduqda daha yaxşı öyrənirlər. Buna görə, məsələn, yuxu və ya yemək saatından əvvəl yeni bacarıqların öyrədilməsindən çəkinin. Elə edin ki, televiziya və ya kiçik bacı-qardaşlar uşağınızın diqqətini yayındırmasın.
  • Uşağınıza, öyrəndiyi bacarığı tətbiq etmək şansı verin. Bacarıqları öyrənmək zaman alır, və övladınız nə qədər çox məşq etsə, bir o qədər yaxşıdır. Lazım gələrsə addımı və ya tapşırığı yenidən göstərin və ya izah edin.
  • Xüsusilə öyrənmənin ilk mərhələlərində uşağınızı tərifləyin. Təlimatınıza əməl etdikdə və ya bacarığı tətbiq etdikdə övladınızı tərifləyin və nəyi yaxşı etdiyini xüsusilə vurğulayın.
  • Övladınız nəyi isə düzgün başa düşmədiyi zaman mənfi rəy verməkdən çəkinin.

MƏNBƏ: RAising children australia

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA