Uşaq davranışını təkmilləşdirmək: Diqqətdən istifadə

Text Page

Diqqət və uşaq davranışı

Sizin diqqətiniz övladınız üçün böyük bir mükafatdır. O, müəyyən bir şəkildə davranır və diqqətinizi çəkirsə, çox güman ki, yenə də bu şəkildə davranacaq. Siz yaxşı davranışa diqqət yetirdikdə, övladınız da xoşunuza gələn tərzdə davranarsa müsbət maraq göstərəcəyinizi anlayır. Bu o deməkdir ki, istədiyiniz davranışı təşviq etmək üçün diqqətdən istifadə edə bilərsiniz. Müsbət davranışlara diqqət göstərməyə başladığınızda, övladınızın artıq nə qədər yaxşı davrandığını görəcəksiniz. Övladınızın çətin davranışınının əvəzinə yaxşı davranışına daha çox diqqət yetirdiyiniz üçün özünüzü daha pozitiv hiss etməyə başlayacaqsınız. O, müsbət diqqətinizə daha çox cavab verdikcə, davranışı idarə etmə çətinliyiniz də aradan qalxacaq. Davranışa olan müsbət diqqət, övladınızın daim yaxşı davranışını görməkdir. Bu, onun etdiyinə uyğunlaşmaq və doğru davrandığı gördüyünüzü, məmnun qaldığınızı bildirmək deməkdir. Bunu etməyin bir neçə yolu var:

· tərif - məsələn, “Oyuncağını nə yaxşı paylaşdın”

· təşviq - məsələn, “Çalışmağa davam et, Leyla”

· fiziki sevgi və ya jestlər - məsələn, uşağı qucaqlamaq və ya telefonla danışdığınız zaman uşaq sakitcə oynayırsa, baş barmığınızı qaldıraraq ona təşəkkür etmək.

· aktiv dinləmə - məsələn, övladınız sizə qışqırmaq əvəzinə normal səslə nə isə söyləyəndə maraqla dinləmək.

Bu cür diqqəti bəzən deyil, tez-tez etsəniz daha yaxşı nəticə verir. Bunun səbəbi odur ki, müsbət məqamları axtarmağa vərdiş edirsiniz. Bundan əlavə, övladınız hansı davranışı bəyəndiyinizi və daha çox görmək istədiyinizi tez-tez xatırlamış olur. Həm də supermarketdə, yemək yeyərkən, qab yuyarkən və ya məktəbə gedərkən və avtobusda yaxşı davranışa diqqət yetirə bilərsiniz. Bunu övladınızla gündəlik qarşılıqlı əlaqənizin bir hissəsinə çevirdiyinizdə, əlavə zaman da tələb etmir. Yaxşı davranışı tərifləmək,övladınızın öyrənməkdə çətinlik çəkdiyi bir davranış üçün xüsusilə vacibdir. Davranışla yanaşı göstərdiyi səyi də tərifləyə bilərsiniz.

Məsələn, övladınız, telefonla danışdığınız zaman sizi bölməməli olduğunu yadında saxlaya bilmirsə, ona “Afərin, Aysel. Mən danışarkən gözləməyin sənin üçün çətin olduğunu bilirəm, buna görə də sözümü bitirməyimə icazə verdiyin üçün çox sağ ol”. Övladınız həmişə sizin istədiyiniz kimi davranmayacaq. Buna görə də istədiyiniz davranışa daha çox, istəmədiyiniz davranışa isə daha az diqqət yetirmək əsas şərtdir. Övladınıza çox diqqət yetirmədən davranışının yaxşı olmadığını göstərmək üçün planlaşdırılmış laqeyd yanaşmadan istifadə edə bilərsiniz.

Övladınıza diqqət ayırmaq: bunu gündəlik həyatda necə etmək olar

· Övladınızı anlamağa zaman sərf edin:

Uşağı növbəti fəaliyyətə keçirməyə tələsmək əvəzinə onu valeh edən şeylərə diqqət yetirin - bir çiçəyin üzərindəki ləçəklər, səkinin üstündən keçən qarışqalar, supermarketdəki qablaşdırılmış qidalar və s. Kitabxanada seçdiyi kitablara və ya parkdakı sərgilədiyi bacarıqlara diqqət yetirin. Siz də onu maraqlandıran şeylərlə maraqlansanız dəyərli olduğunu hiss edəcək.

· Övladınızı müşayiət edin:

Övladınıza vaxt ayırdığınız zaman, imkan daxilində oyunu və ya fəaliyyəti onun seçməsinə icazə vermək arzuolunandır. Bu, onun maraqlarının vacib olduğunun göstəricisidir, sizin sevginizi hiss etməsinə kömək edir və özünə inamı artırır.

· Ona yaxın olun:

Yerdə əyləşə, otların üstündə diz çökə və ya oturacağının yanında əyilə bilərsiniz. Onunla üz-üzə olun və otağın digər küncündən onu izləməkdənsə, yanına gedin. Gözlərinə baxın, qollarınızı açın və gülümsəyin, daim gülümsəyin.

· Övladınızın məşğuliyyətinə şərh verin:

Məsələn, “Baxıram ki, qırmızı yük maşını sənin çox xoşuna gəlir” və ya “İzlədiyin böcək çox maraqlıdır” deyə bilərsiniz. Bu, övladınıza ona diqqət ayırdığınızı və onunla maraqlandığınızı göstərir. Sadəcə diqqət ayırmaqla onun inamını, özgüvənini və münasibətlərinizi inkişaf etdirirsiniz.


MƏNBƏ: RAISING CHILDREN AUSTRALIA

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA