Rejimlər davranışı idarə etməyə necə kömək edir?

Text Page

Rejimlər ailə üzvlərinə bir işi kimin nə vaxt, hansı ardıcıllıqla və hansı aralıqlarla etməli olduğu barədə məlumat verir. Məsələn, övladlarınız hər gün yeməkdən sonra növbə ilə süfrəni yığmaq lazım olduğunu bilirlər. Bu, belə darıxdırıcı fəaliyyətləri görərkən münaqişə yaranmasının qarşısını alır.

Rejim, övladınızın adətən özünü yaxşı aparmadığı zamanlar - alış-veriş, avtomobillə səyahət və ya qonaq getdiyiniz vaxtları və fəaliyyətləri planlaşdırmağınızda sizə kömək edə bilər.

Rejim yaratmaq

Ailə rejimi yaratmaq üçün bəzi tövsiyələr:

  • Ən gərgin vaxtlar üçün – məktəb və ya iş saatından əvvəl və sonra – rejim planlayın. Hər kəsin görməyə bir işi və ya uşaqların başını qatacaq bir məşğuliyyəti olduqda işlər daha rahat olacaq.
  • Rejimdə uşağa dincəlmək üçün də vaxt ayırın. Bu ona rahatlamaq və ya yatmaq üçün vaxt verir və davranışına kömək edir.
  • Əgər siz ekran vaxtına məhdudiyyət qoymaq istəyirsinizsə bunu da rejimə salın. Məsələn, uşaqlar yalnız 17:00 və 17:30 arası TV-yə baxa və ya planşetlə oynaya bilərlər (sizin ailə üçün hansı vaxt aralığı uyğundursa).
  • Bir və ya bir neçə məşğuliyyəti birləşdirin. Bu övladınıza sıxıcı fəaliyyətlərin öhdəsindən gəlməkdə kömək edəcək. Bu həm də ona görə yaxşıdır ki, bir işi etmək digər bir işi də etməli olduğunuzu sizə xatırladır. Məsələn, uşaq çimərkən dişlərini də fırçalaya bilər.
  • Övladınızla rejimlər barədə danışın. Kiçik yaşlı uşaqlar belə, sadə, davamlı izahatları anlayır – məsələn, “Öncə dişlərini təmizlə. Sonra isə atanla hekayə vaxtıdır.”
  • Övladınızın başa düşəcəyi bir dildə rejimi ona izah edin. Məsələn, əgər uşaq vaxtı anlamayacaq qədər kiçikdirsə, ona: “Yarım saat TV-yə baxa bilərik” əvəzinə “Biz ancaq “3 pişik” izləyəcəyik”.

Uşaqların gündəlik qaydalara riayət etməsi

Beləliklə, bir rejim qurmusunuz, amma övladınızı şikayətlənmədən buna riayət etməsini necə təmin edə bilərsiniz? Bəzi tövsiyələr:

  • Hər kəsin görə biləcəyi yerdə gündəlik rejimi təsvir edən şəkilli bir poster yerləşdirin. Posteri övladınızla birgə hazırlamaq əyləncəli ola bilər və həmçinin onunla bu rejimlər haqqında danışmaq imkanı verir.
  • Övladınızı tək başına edə biləcəyi gündəlik işlərə cəlb edin - məsələn yeməkdən əvvəl əllərini yumaq.
  • Övladınıza sizin köməyiniz olmadan gündəlik qaydalara riayət etməsini xatırlatmaq üçün yollar düşünün. Məsələn, onun otağına zəngli saat qoyun. Musiqi dinləmək vaxtı, oynamaq vaxtı və ya məktəbə hazırlaşmaq vaxtı üçün siqnallar ola bilər.
  • Rejimin hansı hissələrinin övladınızın məsuliyyəti ola biləcəyini düşünün. Uşaq yeni bacarıqlar öyrənə və ailəyə ev işlərində kömək edə bilər. Məsələn, yemək saatında məktəbəqədər yaşlı uşaq masanın üzərini qura bilər.
  • Övladınızı müşahidə etməyi və sizin köməyiniz olmadan gündəlik rejimə riayət etdikdə onun tərifləməyi unutmayın.

MƏNBƏ: RAISING CHILDREN AUSTRALIA

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA