Keçidlər: Uşaqlara fəaliyyətləri dəyişməkdə kömək etmək

Text Page

Keçidlər nədir?

Keçidlər, övladınızın bir işi dayandıraraq başqa nə isə etməyə başlamalı olduğu zaman baş verir. Keçid nümunələrinə aşağıdakılar daxildir:

  • evdən çıxmağa hazırlaşmaq
  • yatmağa getməzdən öncə oyuncaqları yığışdırmaq
  • televizoru və ya kompüteri söndürmək
  • sudan çıxmaq (hovuz, hamam və s.)

Yəqin ki, övladınız gün ərzində bir neçə dəfə belə keçidlər etməlidir. Ancaq keçidlər, xüsusən də uşaq gördüyü işdən razıdırsa və dayandırmaq istəmirsə, çətin ola bilər.

Keçidlərin planlaşdırılması: məsləhətlər

Bir ailə rutini uşaqlara belə keçidləri qəbul etməkdə kömək edə bilər . Uşaqlar dəyişikliyin baş verəcəyini öncədən bildikdə, onları daha asan qəbul edirlər.

Keçidlərin planlaşdırılması üçün bəzi tövsiyələr:

  • Günə başlamazdan və ya evdən çıxmadan əvvəl övladınıza baş verənləri izah edin. Uşaq onu nə gözlədiyini bilsə, onun ehtimalları da həqiqətə uyğun olacaq.
  • Ailə üzvlərinin hər gün nə etdiklərini göstərən bir ailə təqvimindən istifadə edə bilərsiniz. Kiçik yaşlı uşaqlar üçün şəkilli təqvim hazırlayıb istifadə edə bilərsiniz.
  • Övladınıza gündəlik keçidlərdə kömək etmək üçün yeni bacarıq və ya bilik öyrətməyiniz lazım olub olmadığını düşünün. Məsələn, evdən çıxmağı asanlaşdırmaq üçün övladınıza ayaqqabısının bağlarını özünün bağlamağını öyrədə bilərsiniz. Bəlkə övladınız hər səhər məktəb çantasını yığmaqda ona kömək etmək üçün yazılı və ya vizual bir siyahıya ehtiyac duyur?

Keçidlərin vaxtı

Keçidlər hər uşağın gününün bir hissəsidir. Onları vaxtında təyin etmək övladınızın fəaliyyətdən digərinə keçid etməsini asanlaşdıra bilər:

  • Vaxtı düzgün seçin. Bacarsanız, övladınızın fəaliyyətindəki təbii bir fasilə zamanı bir işi dayandırıb başqasını başlayın. Məsələn, naharın hazır olduğunu söyləmədən əvvəl övladınızın oyunu bitirməsini gözləyin. Övladınızın fəaliyyətlərinə həssas yanaşmaq keçidləri asanlaşdıracaq.
  • Övladınıza baş verəcək növbəti fəaliyyət haqqında xəbərdarlıq edin. Məsələn, “Aysel, oynamaq üçün beş dəqiqə daha vaxtın var. Sonra isə evə getmək vaxtıdır”.
  • Əgər keçidlər övladınız üçün xüsusilə çətindirsə, fəaliyyətlər arasında daha çox vaxt ayırmağı düşünün. Bu, övladınıza dəyişikliyi qəbul etmək və özünü tənzimləmək üçün əlavə zaman verir.

Keçidlər barədə seçim vermək

Övladınızı həmişə bir fəaliyyəti dayandırmaq və başqa bir işə başlamaq barədə seçim verə bilməzsiniz. Ancaq bəzən belə seçimlər vermək mümkündür. Bəzi tövsiyələr:

  • Övladınıza keçidin bir hissəsi olan şeylər haqqında bir seçim verin. Məsələn, “Aysel, bir dəqiqəyə maşına minməliyik. Özünlə bir oyuncaq götürə bilərsən. Hansını birini istəyirsən?” yaxud “Bunu özün etmək istəyirsən, ya birlikdə edək?”
  • Seçimləri məhdudlaşdırın. Məsələn, övladınızın qarderobundakı hər əşyanı deyil, iki fərqli köynək arasından seçim etməsinə icazə verin! Seçməyəcəksə, onun üçün seçim edə bilərsiniz.
  • Həqiqətən bir seçim yoxdursa, övladınıza keçid haqqında seçim verməkdən çəkinin. Məsələn, “Aysel, bu oyuncaqları indi yığmaq istəyirsən?” dedikdə bir seçim təklif etmiş olursunuz. Bunun əvəzinə “Aysel, xahiş edirəm bu oyuncaqları yığmağa başla” deyə bilərsən.

Keçidləri daha pozitiv etmək

Keçidin müsbət tərəfinə işarə etmək, övladınızın diqqətini dəyişiklikdən uzaqlaşdırıb bəyəndiyi və ya sevindiyi nəyə isə yönəldə bilər:

  • Keçidləri necə əyləncəli etmək haqda düşünün. Məsələn, “Maşına tərəf əsgər kimi addımlaya bilərsən?”
  • Övladınızın etmək istəmədiyi bir işi onun xoşuna gələn bir şeylə əlaqələndirin - məsələn, “Əvvəlcə oyuncaqları təmizləyirik, sonra isə qəlyanaltı edirik”.
  • Övladınızın diqqətini keçiddən sonra baş verəcək yaxşı hadisələrə yönləndirin.  Məsələn, “İndi yola düşsək, axşam yeməyindən əvvəl qatarlarınızla oynamağa vaxtınız olacaq”.
  • Keçidləri yaxşı idarə etdiyinə görə övladınızı tərifləyin. Hər ikinizin komanda şəklində çalışmasının nə qədər yaxşı olduğunu vurğulayın.

Keçidlərdə problemlərin həll edilməsi

Övladınız bir işi dayandırmaq məcburiyyətində qaldığına gör məyus ola bilər. Bu normal haldır. Onun bu məyusluğundan emosiyaları haqqında danışmaq üçün bir fürsət olaraq istifadə edə və bu emosiyaları ifadə etmək üçün sözlərdən istifadə etməyə təşviq edə bilərsiniz - məsələn, “Başqa bir oyun da oynamaq üçün vaxtımız olmadığına görə məyus olduğunu bilirəm”.

Ancaq övladınız oynamağa davam edirsə və ya özündən çıxırsa, təsadüfən bu fəaliyyətə (oyuna) daha çox vaxt ayıraraq bu davranışı mükafatlandırmamağa diqqət edin. Anlayışlı, eyni zamanda möhkəm ola bilərsiniz. İsrarlı, lakin mülayım olmağı da unutmayın.


MƏNBƏ: RAISING CHILDREN AUSTRALIA

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA