Uşaqlarda oxuma və yazmanın inkişafı

Text Page

Oxuma və yazmanın inkişafı övladınızın ümumi inkişafının vacib bir hissəsidir. Məktəbdə yaxşı oxumaq, başqaları ilə ünsiyyət qurmaq, müstəqilliyini inkişaf etdirmək, gələcəkdə isə pulu idarə etmək və iş həyatı üçün təməldir.

Ancaq övladınız oxumağı və yazmağı öyrənməmişdən əvvəl danışmaq, dinləmək, anlamaq, izləmək və rəsm çəkmək kimi bacarıqlarını inkişaf etdirməlidir.

Övladınız böyüdükcə kitabın səhifəsində hərflərlə danışıq səsləri arasındakı əlaqəni də öyrənməlidir. Bunun üçün onlar aşağıdakılarla təcrübə etməlidirlər:

  • şəkillər və əşyalar - bu barədə danışmaq üçün sözlərdən necə istifadə edə bilərsiniz
  • hərflər və sözlər – onların formaları, səsləri və adları
  • səslər - sözlərin qafiyələnməsi, eyni hərflərlə başlayıb bitməsini, hecalar kimi hissələrə bölünməsini, fərqli səslərin qarışdırılması ilə əmələ gəlməsini və s.

Övladınızın erkən oxuma və yazma inkişafının bütün bu sahələrində kömək etmək üçün aşağıda verilənləri edə bilərsiniz:

  • övladınızla ünsiyyət
  • birlikdə oxumaq
  • övladınızla ritm və səslərə əsaslanan oyunlar oynamaq.

Yaxşı xəbər budur ki, siz bunu hər ikiniz üçün də əyləncəyə çevirə bilərsiniz.

Ünsiyyət: Oxuma və yazma inkişafındakı əhəmiyyəti

Körpənizlə qarşılıqlı əlaqə, övladınız böyüdükcə onun danışma, dinləmə və anlama qabiliyyətini inkişaf etdirməyə kömək edir.

Məsələn, körpənizin gülüşlərinizə və onun “dilində” danışığınıza cavab verdiyini görə bilərsiniz. O, səslərinizi və mimikanızı təqlid etməyə çalışa bilər. Övladınızın ilk sözlərini təkrarladığınızda, bu, ikitərəfli söhbəti təşviq edir və övladınızın söz öyrənməsinə və dil bacarıqlarını inkişaf etdirməsinə kömək edir.

Başqa bir nümunə, övladınızla mahnı oxumaqdır ki, bu da ona səs tonunun eniş və yüksəlişini öyrədir. Həm də onu mədəniyyətinin musiqisi və hekayələri ilə tanış edir.

Tövsiyələr

  • Körpənizin səslərini təqlid edin. Körpə danışığından istifadə etmək yaxşıdır - daha yavaş danışmaq, səs tonunuzu yüksəltmək və endirmək, sözləri təkrar edib vurğulamaq. Bu, körpələrə dilin necə birləşdirildiyini anlamağa kömək edir.
  • Övladınızla mahnı oxuyun.
  • Gün ərzində birlikdə eşitdiyiniz və gördüyünüz işlər barədə övladınızla danışın. Məsələn, “Gəl paltarları maşından çıxaraq”, “Qırmızı quşa bax” və ya “Bu necə dadlı nahardır belə!”
  • Hissləriniz haqqında danışın və övladınızla xoşbəxt və ya kədərli olması barədə söhbət edin. Duyğularını təsvir etmək üçün ona sözlər verməklə kömək edə bilərsiniz. Bu, başqalarının da nə hiss etdiyini anlamasına kömək edə bilər.
  • Övladınızla hekayələri paylaşın. Uşaqlıq dövrünüzdən yadınızda qalan məzəli və ya maraqlı hekayələr paylaşa bilər və ya ailənizin keçmişi haqqında danışa bilərsiniz. Birlikdə növbə ilə bir hekayə qura bilərsiniz.
  • Övladınıza Sözlərin ayrı-ayrı hissələrə bölünə biləcəyini anlamaqda kömək etmək üçün sözlərin fərqli hissələrini və ya fərqli hərfləri vurğulayın. Məsələn, "top" sözünü deyərkən "p" səsini və ya "al-ma" deyərək hecanı vurğulaya bilərsiniz.
  • Övladınıza qulaq asın. Onu müşayiət edin və danışmaq istədiyi şeylərdən danışın. Bir sual verirsə, özünün də bu suala cavab tapması üçün onu təşviq edin. Məsələn, övladınız "Oradakı qutunun içində nə var?" desə, "Səncə nə var?" deyə soruşa bilərsiniz.
  • Sözləri yanlış tələffüz etdiyi zaman, bu sözləri düzgün tələffüz ilə təkrarlayın. 

 

Mütaliə: Oxuma və yazmanın inkişafındakı əhəmiyyəti

Övladınızla tez-tez oxumaq yaxşı bir fikirdir. Oxumağa doğuşdan başlamaq yaxşıdır, amma başlamaq üçün heç vaxt gec deyil. Uşaqlarla kiçik yaşından başlayaraq oxumaq, onların savadlılığı üçün möhkəm bir zəmin yaratmağa kömək edir. Oxu həm də bağlılığı təşviq edir və övladınızla münasibətinizi gücləndirmək üçün yaxşıdır.

Övladınızla oxumaq:

  • ona kitabların həm zövq, həm də məlumat verə biləcəyini göstərir
  • danışıq dilində hərflərin səslərini öyrənməsinə kömək edir
  • ona hekayələrin səndən deyil, səhifədəki sözlərdən gəldiyini anlamağa kömək edir - bu ona kitabda çap olunmuş sözün nə işə yaradığını öyrədir
  • ona daha geniş lüğət inkişaf etdirməkdə kömək edir - kitablarda yeni və ya tanımadığı sözlərdən istifadə edilə bilər
  • düşüncə və problemi həll etmə bacarıqlarını artırır
  • onu yeni bir konsepsiya, bir hadisə və ya onu maraqlandıran bir şey haqqında düşünməyə və ya danışmağa təşviq edir.

Tövsiyələr

  • Kiçik yaşlı uşaqlar üçün 3D kitablar, toxun və hiss et tipli kitablar, qafiyələnən və ya təkrarlanan sözləri olan kitabları seçin.
  • Övladınızı kitabı əlində tutub vərəqlərini çevirməyə təşviq edin. Belə etdikdə o, kitab müəyyən bir şəkildə tutmalı olduğunu və səhifələrin həmişə eyni istiqamətə çevrildiyini anlamağa başlayır. 
  • Sözləri oxuduğunuzda barmağınızı hər sözə işarə edərək kitabın üzərində sürüşdürün. Bu, övladınıza çap haqqında öyrədir və ona oxuyarkən həmişə soldan başladığımızı və sağa hərəkət etdiyimizi göstərir. 'Bu səhifədə haradan oxumağa başlayım?' və ya “Bu hərfi tanıyırsanmı?” deyə soruşa bilərsiniz.
  • Şəkilləri ona göstərin və övladınızın göstərdiyi şəkillər haqqında danışın.
  • Kitabdakı heyvanların və ya digər əşyaların səslərini çıxarın - əylənin!
  • Kitabxananı ziyarət edin.

MƏNBƏ: RAISING CHILDREN AUSTRALIA

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA