Uşaqlar niyə dırnaqlarını yeyir?

Text Page

Övladınız dırnağını yeyir? Bu adəti uşaqlarınızda tərgidə bilmirsiniz? İlk vaxtlar fikir vermədiyiniz bu adət artıq problemə çevrilib? Dırnaq yemək estetik və gigiyenik deyil, ən əsası övladınız bu adəti ilə sizə psixoloji və emosional problemlərinin olduğunu göstərir.

Bəs niyə uşaqlar dırnaqlarını yeyirlər?

Tibbdə onixofaqiya (onixo-dırnaq, faqiya-yemə) adlandırılan bu xəstəlik bir çox səbəblərdən yarana bilər:

Həyəcan

Uşaq daim narahatlıq hiss edəndə məsələn, evdə və ya məktəbdə cəza almaq, lövhə qarşısında cavab vermək, pis qiymət almaq qorxusu, ətrafda tanımadığı yeni insanlar görəndə, nəyi isə yerinə yetirə bilməyəciyini düşünəndə, yarış və çıxışlardan əvvəl,  ətrafdakılara öz fikrini çatdıra bilməyəndə və s. kimi hallarda;

İrsilik-Əgər valideynlərdən birində bu adət varsa;

Daxili aqressiya-Uşaq özündən narazı olanda, özünə güvəni aşağı olanda;

Fizioloji-Ola bilər ki, dırnaqları nazik və yumşaq olduğundan qırılmış dırnaqları onu narahat etdiyinə görə;

Darıxmaq-Uşaq onu maraqlandıran işlə məşğul olmayanda və s.

Uşağın dırnaq yeməsi ilə necə mübarizə aparılmalıyıq?

Uşağı bu vərdişinə görə danlamayın. İlk söhbətinizdə mikrobların dırnaq altına yığıldığını, ağız vasitəsi ilə bağırsağa düşərək orada çoxalması haqqında danışın. Məsləhət görülür ki, mikrobların formaları, onların inkişafı və çoxalması haqqında informasiyaları şəkil və ya video köməkliyi ilə göstərəsiniz.
Övladınıza hirsini “soyutmağı” öyrədin (çünki siz həmişə onun yanında olmursunuz). 10-a qədər say, gərgin olanda yumruğunu möhkəm yum və aç, dərindən nəfəs al və s.;

Dırnaqların səliqəli və təmiz olmasını izləyin;

Əllərini ağzına aparmaq istəyəndə fikrini yayındırın, müxtəlif işlərlə uşağı məşğul edin;

Allergiyası olmayan uşaqlar üçün limonlu, nanəli və ya lavandalı aromaterapiyalar təşkil edin;

Dırnaqları nazik olduğu halda kalsium verin;

Son olaraq hər nə olursa olsun, övladınızı əzizlənməkdən məhrum etməyin. Çünki sağlam mühitdə yaşayan uşaq sağlam ruha sahib olur.