Övladı ilə münasibət qurarkən anaların yol verdiyi 7 xəta

Text Page

“Övladım yalan danışmasın¸ özünə güvəni olsun, qorxusuz fikrini ifadə edə bilsin“ kimi istəklərimizin olmağı təbiidir. Bir ananın ən böyük arzularından biri övladı ilə düzgün münasibət qurmağı bacarmaqdır. Bəzi hallarda onu çox dəstəkləməyimizlə necə böyük maneələr yaratdığımızdan xəbərsiz oluruq. Akademik ana kimi tanınan Prf. Saniye Bencik Kangal “Korkma! İyi bir annesin!“ kitabında anaların övladları ilə münasibətdə yol verdiyi xətaları qeyd edir :

 Uşağı davamlı olaraq tərifləmək

 Övladımızın müsbət davranışını tərifləməyimiz normaldır, lakin tərifin qədəri çox mühimdir. Çünkü uşağı mütəmadi olaraq təriflədikdə, təssüflər olsun ki, reallığı itirmiş olursunuz. Təbii ki, uşağın təqdirəlayiq hərəkətlərini tərifləmək lazımdır, lakin təriflə reallıq arasındakı balansı düzgün saxlamaq çox önəmlidir. İlk dəfə velosiped sürdüyü zaman, ilk şəkil çəkdiyi vaxt təbii olaraq uşağı tərifləməlisiniz. Lakin digər hallarda tərif yerinə nəzakətli sözlərdən istifadə etməyiniz kifayət edir. Etdiyi hər hərəkəti təriflədikdə övladınızın mənlik hissinə zərər vermiş olursunuz.

Davamlı olaraq inandırmağa çalışmaq

 Uşaq həmişə başa düşülməyə ehtiyac duyur. Pedaqoqlar belə bir nümunə verir: Yeni velosiped sürməyi öyrənmiş uşağınıza “Bacaracaqsan bu sənin üçün nədir ki ?“ desəniz, uşaqda narahatlıq hissini artıracaqsınız. Uşağın beynində “Bəs birdən bacarmasam necə olacaq?“ düşüncəsi yaranacaq. Bu vəziyyətdə uşağa “Əgər velosipeddən yıxılsan, bu normaldır. Mən də birinci dəfə sürəndə çox qorxmuşdum, elə bilmişdim ki, velosiped aşacaq. Yavaş-yavaş öyrəndim. Sən də öyrənəcəksən.“ kimi cümlələrlə cavab verərək, onda özünə inam formalaşdırmağınız daha düzgündür.

Tez-tez əmr cümlələri işlətmək

Gün ərzində istəmədən olsa belə uşaqlara qarşı işlətdiyimiz “eləmə, dagıtma, yığışdır və.s” əmr cümlələri həddindən artıq işləndikdə uşaqlarda deyilənin əksini etmək, üsyankarlıq etmə və qorxunun yaranmasına səbəb olur. Övladınızın da bir şəxsiyyət olduğunu, şəxsi istək və ehtiyaclarının olduğunu unutmayaraq hərəkət etsəniz, onunla düzgün münasibət qurmuş olacaqsınız.

Davamlı olaraq xəbərdarlıq etmək

 “Bərk qaçsan yıxılacaqsan, əlini yumasan xəstələnəcəksən, sözə qulaq asmasan həkimə aparacam, və.s“ kimi cümlələr işlətmək səhv sayılır. Bu metodla siz müstəqil, özünə inamı yüksək olan uşaq yox, qorxaq, boyun əyən, narahat davranışlar nümayiş etdirən uşaq böyütmüş olursunuz. Ona görə də, bu tip cümlələrin əvəzinə uşağa seçim etmək şansını verin. Seçim şansı verilmiş uşaqlar nəzarətin özündə olduğunu hiss edir.

 Uşagı mütəmadi olaraq tənqid etmək və günahlandırmaq

 “Yenə yeməyi üstünə dağıtdın, onsuz da mən deməsəm, heçnə edə bilmirsən! və.s” kimi tənqidi və günahlandırıcı cümlələr uşağın özünü dəyərsiz hiss etməsinə səbəb olur, “Mən heçnə bacarmıram” duyğusu yaradır və mənlik hissinin inkişafını ləngidir. Nəticədə, uşaq sırf onu danlamayasınız deyə dediyinizi edir, amma səbəbi başa düşmür. Hər şeyi ürəyinə salan, özünə inamsız və qorxaq uşaq böyütmək istəmirsinizsə, tənqidi və günahlandırıcı cümlələrdən uzaq durun. Qaydalar qoysanız və qoyduğunuz qaydaların səbəbini izah etsəniz zamanla uşaq hər şeyi anlayacaq.

 Ələ salmaq və ləqəb qoymaq  

 “Tənbəl, pis uşaq, tərbiyəsiz“ kimi ifadələr uşağın özünü dəyərsiz hiss etməyinə səbəb olur. Buna görə də, işlətdiyiniz kəlmələrə və qoyduğunuz ləqəblərə qarşı diqqətli olun. Övladınızla münasibəti düzgün qurmaq üçün onun istəklərini anlamağa çalışın. Uşağınız təqdirəlayiq hərəkət etmədikdə onu danlamaq yerinə etdiyi hərəkətin arxasında duran səbəbi tapın və ona izah edin. Yemək yemirsə qarnı tox ola bilər, əlini yumaq istəmirsə su soyuq ola bilər, yaxud sabunun qoxusunu sevməyə bilər.

Göz təması qurmamaq

Uşagın gözünün içinə baxaraq danışmağın faydaları

· Dəyərli olduğunu hiss edir

· Başa düşüldüyünü hiss edir

Vermək istədiyiniz mesaj daha təsirli olur və uşaq onu rahat qəbul edir.

Bu dünyada bir ana üçün övladının xoşbəxtlik dolu gözlərinə baxmaqdan gözəl heç nə yoxdur! Buna görə göz-gözə təmasınızı qoruyun.