Bacı-qardaş qısqanclığı

Text Page

Bacı-qardaş qısqanclığı

İnsanın təbiətində var olan qısqanma duyğusu uşaqlıqda tez-tez bacı-qardaş doğumu ilə ortaya çıxır. “Bir qardaşım olsun”, “qardaş istəyirəm” deyərək ana və atasını bezdirən bir uşaqda belə bacı-qardaş doğumundan sonra qısqanclıq əlamətləri özünü göstərə bilər.

İndiki vaxtda  ana və ataların bəlkə də ən çox şikayət etdikləri mövzuların başında övladları arasında qısqanclıq və bunun meydana gətirdiyi problemlər durur. Yeni bir uşağın dünyaya gəlməsi hər şeydən əvvəl evə yeni bir fərdin gəlməsi deməkdir. Bu yeni fərd evdəki tarazlıqları dəyişdirəcək və daha əhəmiyyətlisi uşaq tərəfindən rəqib olaraq qəbul ediləcək. Davamlı baxıma möhtac, ananın bütün zamanını, bütün ailə fərdlərinin marağını çəkən kiçik balanın rəqib olaraq qəbul edilməsi təbii qarşılanmalıdır. Əslində burada valideynlərin də səhvi böyükdür. Ümumiyyətlə ilk səhv uşağın ona bir bacı-qardaş gələcəyinə hazırlanmaması ilə başlayır. Heç bir şeydən xəbəri olmayan uşaq bir gün biri ilə qarşılaşır, bacı yaxud qardaşı olduğu deyilir. Halbuki uşağa daha hamiləlik əsnasında qardaşının olacağı məlumatı verilməli və uşaq bu vəziyyətə hazırlanmalıdır.

Aralarında yaş fərqi az olan uşaqlarda qısqanclıq əlamətlərinin daha çox görüldüyü müşahidə edilir. Uşaq ilk bacı-qardaşıyla daha çox problem yaşayır. Burada ailənin sıx əlaqəsinin qəfildən başqa bir uşağa yönəlməsinin təsiri böyükdür. Bacı-qardaşlar arasında rəqabət təbii və normal inkişafın bir parçası olaraq qəbul edilməlidir. Ancaq rəqabətin bir düşmənçilik halına gəlməsi və hər sahədə özünü göstərməsi təbii qəbul edilməməlidir.

Bacı-qardaşlar arası çəkişmə bütün ailənin dincliyini pozacaq dərəcədə böyük ola bilər. Valideynlər bacı-qardaşlar arası rəqabətin normal və xoş qarşılanacaq sərhədlərdə olub olmadığına diqqət etməli, bu sərhədlər aşılmadığı müddətdə müdaxilə edilməməlidir. Bir-birlərinə zərər verməyəcək dərəcədə kiçik didişmələrə qarışmaq məsləhət deyil.

Çox uşaqlı ailələrdə bacı-qardaşlar arası rəqabət sıx yaşandığı zaman ana və ata üçün dözülməz bir hal ala bilər. Burada əhəmiyyətlə üzərində dayanılması lazım olan hər uşağın ailə içində öz xüsusi yerinin  fərqində olmasını təmin etməkdir.

Uşaqlar arasında ayrıseçkilik edilməməsinə diqqət göstərərək hər birinin ayrı fərd olduğu şüuruyla davranılmalıdır.