Uşaqlarda tualet təlimi necə olmalıdır?

Text Page

Uşaq dönməyi, iməkləməyi, ayaqda durmağı və gəzməyi öyrəndikdə, əlbəttə ki, tualetdən istifadə etməyi də öyrənəcəkdir. Yaxşı, bəs nə vaxt? Tualet təlimində nələrə diqqət yetirməlisiniz? Uşaqlarda tualet vərdişləri necə inkişaf edir? Uşaq bezini (pampers) uşağa necə və nə vaxt tərgitdirə bilərsiniz?  

Bütün bu suallar üçün ətraflı araşdırma aparılıb. Universal Kuşadası Xəstəxanası Uşaq Sağlamlığı Mütəxəssisi Dr. Özlem Gürcüdən də çox faydalı məlumatları sizinlə paylaşırıq. Körpələr üçün tualet təlim müddətini daha rahat keçirmək üçün oxumağa davam edin!

Körpələrə tualet təlimi nə vaxt öyrədilir?

Uşaqların sidik kisəsinin inkişafı 15-18 aydan başlayır. Uşaqlar gecə daha az işəsə də, bu müddət gün ərzində təxminən 3 saatdan bir olur. Bu müddət 15 aydan 3 yaşa qədər ola bilər. Bu səbəbdən körpələrdə tualet təlimi yaşı 2 ilə 2,5 il arasındadır. Ancaq əlbəttə ki, bu zaman uşaqdan uşağa dəyişə bilər. Tualet təlimi bəziləri üçün 2-5 bəziləri üçün 3 yaşında asandır. Körpələrdə tualet təlimi üçün vaxt təyin edərkən körpənin psixoloji cəhətdən hazır olub olmadığına da diqqət yetirməlisiniz.

Tualet təlimi neçə günə öyrədilir?

Bir çox analar kimi tualet təliminin çox qısa müddətdə başa çatacağını ümid edirsiniz. Uşağınız tualet təlimi üçün çox hazır ola bilər və tualet təliminin çox hissəsini bir neçə gündə tamamlaya bilər. Ümumiyyətlə, körpələrdə tualet təlimi  3-6 ay arasında tamamlanır.

Uşaqda tualet vərdişi hansı qaydada formalaşdırılmalıdır?

İlk öncə uşağı məlumatlandırın.Tualet vərdişləri haqqında uşağınıza kitab oxuyun. İstifadə edəcəyiniz əşyaları tanıdın, nə üçün və necə istifadə olunduğunu öyrətməyə çalışın. Qarşok, sifon, çiş, kaka kimi terminlər haqqında anlayışının formalaşmasına şərait yaradın. Sırayla edilməli olan hərəkətlərə aid kartların tualet vərdişini formalaşdıran növlərindən istifadə edə bilərsiniz. Məs: Tualetə daxil olmaq, soyunmaq, tualetini etmək, təmizlik qaydalarına əməl etmək və.s. Praktik olaraq uşağın oyuncağını onunla birgə götürüb misal göstərə bilərsiniz.

Başlanğıcda paltarla olsa belə qarşokda oturma vərdişini öyrədin. Daha sonra uşağa artıq idrarını və kakasını qarşoka etmək lazım olduğu haqda məşq etdirin. Uşaq bezini çıxardın və bir daha taxmayın. Tualet vərdişini formalaşdırmağa başlayarkən edilən səhvlərin ən böyüyü uşaq bezini ya gecələr, ya da harasa gedərkən taxmağınızdır. Uşaq tualetə sərbəst getməyə alışana kimi rahat paltarlar geyindirin. Çətin açılan zəncirbəndli (zamok), düyməli paltarlar uşağın işini çətinləşdirir.

Diqqət etməli olduğunuz məsələlərdən biri də zamandır. Əksər uşaqlarda bu nizamlı olur. Əgər sizin uşaqda da bu vərdiş rejim halındadırsa, fürsəti dəyərləndirin. Əvəlcədən müəyyənləşdirdiyiniz, uşaqların daha çox tualet ehtiyacı olduğu vaxtlarda onu tualetə aparın. Onu cəsarətləndirərək tualetini etməsini gözləyin. Bir neçə cəhddən sonra nəticə əldə edəcəksiniz. Evdə baxıcı dayə və yaxud bu işə nəzarət edən başqa bir şəxs də varsa, ikinizin də yanaşması eyni olmalıdır. Bu dövrdə çox səbirli olmağa çalışın. Səbrinizi daşıran hallarla rastlaşsanız, dərindən nəfəs alıb bu dövrün keçici olduğunu özünüzə xatırladın.

Tualet vərdişinin formalaşdırılması üçün ən effektiv mövsüm yaz və yay ayları hesab olunur. Çünki xəstəliklər daha az olur və uşaq qat-qat geyinmir. Tez bir zamanda soyunmaq uşağa rahatdır. Çılpaq gəzsə, üşümə riski yoxdur. Əgər uşaq tam psixoloji hazırdırsa, mövsümün önəmi yoxdur. Bəzi valideynlərin problemi budur ki, uşaq idrarının olduğunu rahat deyir, kakasına gəlincə ancaq bez (pampers ) istəyir. Bu halda uşaq bez istəyirsə verin. Qarşı çıxsanız uşaq nəcisi saxlayacaq və qəbizlik yaranacaq. Uşağınız uğurlu olduqda, ona kiçik mükafatlar verin.

Tərbiyəçi, həkim, tibb bacısı kimi səlahiyyətli bir şəxsdən kömək ala bilərsiniz. Onu hər zaman xəbərdar edə bilməzsiniz, bəzən tək buraxmaq lazımdır. Bir müddət qarşok, idrar, kaka kimi sözlərdən istifadə etməməyə çalışmaq kömək edə bilər. Bütün məsuliyyəti uşağınıza yükləyə bilərsiniz. İstəsəniz bir qabdan istifadə edə biləcəyini və ya uşaq bezi və ya təlim (təcrübə) alt geyimindən istifadə edə biləcəyini söyləyə bilərsiniz. İsti və tez təmizlənə bilən mühit varsa uşağı alt geyimsiz saxlamaq məsləhətdir. Çünki bu zaman uşaq vücud siqnallarını daha asan qavrayır.

Oğlan uşağı üçün tualet təlimi necə verilir?

Oğlanlar və qızlar üçün tualet təliminin müddəti və üsulu fərqli ola bilər. Oğlanların pampersi tərgitməyi qızlardan gec ola bilər. Oğlan uşaqlarının tualet təlimi necə olmalıdır və nələrə diqqət etmək lazımdır:

Oturaraq işəmək məşqinə başlayın. Öz-özünə ayaq üstə işəməyə cəhd edə bilər. Bəlkə də, atasından, televizordan və ya uşaq bağçasındakı dostlarından görmüşdür. Qoy cəhd etsin. Ayaqda işəməyi öyrədəndə tualetin önünə kiçik bir stul qoyun. Penisini lazımi səviyyədə saxlaya bilən və tualetə yönəldə biləcək səviyyədə olmalıdır. Kağız toplarını tualetə və ya tualetin hövzəsinə tıxanmaması üçün zibil qutusuna ata bilər və hədəfi vurmağa çalışa bilər. Bu tip tualet təlimi  oyunları oğlan uşağını tualetə alışdırma prosesində çox faydalıdır.

Kiçik balanızın tualet təliminə hazır olduğunu başa düşməyinizi asanlaşdıracaq, "Vaxt gəldi!" dediyiniz zaman aşağıdakıları nəzərə alın:

Əgər uşaq bezi taxdırmaqda israrlıdırsa, taxmağa davam edin. Lakin tualetdə açın və qarşoka oturdanda çıxardın. Bunu vərdiş halına çevirin.

Qarşok bir müddətlik əl çatan yaxın yerdə olmalıdır.

Uşağın işarələrinə diqqət edin. Əvvəllər anlamasanız da getdikcə daha çox təcrübə toplayacaqsınız.

Təzə başlayanda uşağa dostuyla bir tualetə girməyinə icazə verin. Bu onun üçün daha əyləncəli olur və daha tez mənimsəyir.

Bir müddət sonra qarşok və tualet arasında bağ qurun. Qarşokun içindəki idrar və kakasını unitaza tökün ki, uşaq daha sonra qarşoku tərgitmək lazım olduğunu anlasın.

Tualet vərdişinin formalaşdırılması necə olmalıdır?

Uşaq gündüz tualetə sərbəst getməyi öyrəndikdən və buna tam uyğunlaşdıqdan sonra bu vərdişin gecələr öyrədilməsinə başlamaq lazımdır. Gündüz olduğu kimi gecə də uşağı bezsiz yatızdıra və altına qoruyucu yerləşdirə bilərsiniz. Yatmazdan  2 saat əvvəl uşağa maye verməyin. Gecə uşağı oyandırmaq norması 2 saatdan birdir. Lakin bunu daha dəqiq uşağı müşahidə edərək müəyyənləşdirə bilərsiniz. Tualet vərdişinin gecə aşılanması daha çətin prosesdir. Qətiyyən uşağa təzyiq göstərməyin. 5-6 yaşına kimi uşağın gecə tualet alışqanlığını qazana bilməməsi tam normal haldır.

Tualet  vərdişinin formalaşdırılması zamanı etməməli olduqlarınız:

Qısa zamanda böyük nəticə gözləməyin. Bəli, 1-2 günə tualetə sərbəst getməyi öyrənən uşaqlar da olur, amma əksər uşaqlar üçün bu dövr bu qədər qısa olmur.

Xətaları olduqda uşağı danlamayın, cəzalandırmayın, utandırmayın.

Uşağı qarşoka zorla otuzdurmayın.

Bəzən ümidiniz üzülsə də, bu dövrün sona qədər olmayacağını bilin.

Uşağın bu dövrdə problem yaşamasına səbəb olacaq 7 hal.

Stress – Uşağın həyatında köklü dəyişikliklərin olması onu stresə sala bilər. Baxıcının dəyişməsi, ananın işə başlaması, qardaş və bacısının olması, başqa evə köçməyiniz  və.s səbəblər ola bilər.

Yorğunluq – Bu dövr uşaqlar üçün çox yorucu ola bilər. Bağçaya gedirsə, məşğələlərin artması və s. səbəblərdən yaranan yorğunluq uşağın bəzi bacarıqlarına nəzarətin itirilməsinə səbəb ola bilər.

Həyəcan – Həyəcan hissi uşağın sidik kisəsinə nəzarət edə bilməməsinə səbəb olur.

Valideyn təzyiqi – Bu dövrdə valideynin uşağa təzyiqi uşağı ləngidir.

Konsentrasiya – Uşaq oyun oynamaqdan doymadığı, sevdiyi başqa məşğuliyyətdən ayrılmaq istəmədiyi üçün tualet mövzusuna tam fokuslana bilmir.

Sıxışma – Uşaq tualetə getməyin lazım olduğunu başa düşdüyü vaxt cəld tərpənməyə bilər.

Fiziki problemlər – İdrarda qan, ağrılı idrar, gülərkən altına qaçırtma, idrar yolu infeksiyalar da problem yarada bilər.