Depressiya nədir və hamiləliyə necə təsir edir?

Depressiya dövrümüzün ən böyük psixoloji problemi hesab olunmaqdadır. İnsan orqanizmini təkcə psixoloji deyil, fiziki olaraq da zəiflədən depressiv simptomlar hansılardır, depressiyanın müalicəsi necə olur və depresiya hamiləliyə zərərlidirmi kimi sualların cavabını bu məqalədə tapacaqsınız.
Depressiya nədir?
Depressiya kədər, yorğunluq, stress, travma aldığımız hadisələr, maddi-mənəvi və iqtisadi problemlər və bunlara bənzər bir çox hallarla üzləşdikdə kədərlənib ruhdan düşmə halının gündəlik həyat tərzinə çevrilməsi, həyatdan zövq ala bilməmək halına səbəb olan psixoloji bir narahatlıqdır. İnsan uzun müddət depressiyada olduqda iş həyatında uğursuzluqlar, şəxsi və ictimai münasibətlərin pozulması, müxtəlif fiziki problemlərin yaranması, orqanizmdə mövcud xəstəliyin sürətlənməsi kimi zərərlərlə rastlaşır.
Depressiv simptomlar hansılardır?
Depressiya daha çox kədərlə əlaqələndirilir. Ancaq depressiya üçün sadəcə kədərlənmək kifayət deyil. Depressiyanın əlamətləri aşağıdakılardır:
Yuxu pozğunluğu
Gündəlik fəaliyyətə qarşı diqqətsizlik və marağın olmaması
Sosial pozğunluq
İştahsızlıq və ya yemək pozğunluqları
Daimi yorğunluq
Özünü dəyərsiz hiss etmək
Günahkarlıq hissi
Özünü günahkar hiss etmək
Qərar qəbul etməyi bacarmamaq
Fikrini öz fəaliyyətinə cəlb edə bilməmək
Çarəsizlik hissi
İntihara meyilli olmaq
Depressiya diaqnozu üçün bu əlamətlərdən ən az dördü olmalı və bu əlamətlər iki həftədən artıq davam etməlidir.
Depressiyada riskli faktorlar hansılardır?
Travmatik bir hadisə yaşamaq
İqtisadi problemlər
İşdən azad olunmaq
Alkoqol və narkotik maddələrin qəbulu
Boşanmaq
Ciddi xəstəliklərin yaşanması
Hormonal pozğunluqlar
Ailə içi problemlərin yaşanması kimi hallar depressiya üçün risk faktorunu formalaşdırır.
Depressiya necə təyin edilir və necə depressiya diaqnozu qoyulur?
İlk etapda fərdin hekayəsi dinlənilir, ardınca psixiatrik müayinə aparılır. Bu müayinə vacibdir, çünki depressiya dövründə orqanizmdə yeni fiziki problemlər yarana bilər yaxud mövcud fiziki xəstəlik sürətlənə bilər. Buna görə psixiatrik müayinə ilə yanaşı fiziki müayinə də edilməlidir. Həkimlər qan analizi QEEG, EEG, Beyin MR psixometrik testlərlə də depressiyanı aşkarlaya bilər.
Depressiyanın növləri hansılardır?
Major depressiya
Ən şiddətli depressiya növüdür ki, bu halda kədərli haldan çıxmaq çətin olur və intihar haqda tez-tez düşünülür. Major depressiv insanların müalicəsi sürətli aparılmalıdır ki, şiddətlənmə olmasın.
Manik depressiya
Buna iki uclu depressiya adı da verilir. Manik depressiv insanlar başlanğıcda çox şən, yüksək enerjili, cinsi aktiv olduqları halda depressiya dövründə hədsiz kədərli, səssiz və özünə qapanan olurlar.
Qalıcı depressiv pozğunluq (Distm)
Digər növlərlə müqayisədə çox yüngül formalı, ancaq uzunmüddətli depresiya halıdır. Bu problem iki ilə kimi davam edə bilər. Depressiya yaşayan insanlar daha çox kədərli, narazı və tənqidi ruhiyyədə olurlar.
Depressiyanın müalicəsi necə aparılır?
Depressiyadan xilas olmaq çox yönümlü müalicə hesabına mümkün olur. Müalicə üsulu fərdin depressiya növünə və mərhələsinə görə dəyişir. Depressiyanın müalicəsində ilk növbədə antidepresantlardan istifadə olunur. Antidepresant dərmanlar çox çeşidli və fərqlidir. Bu səbəbdən antidepresant depressiya yaradan problemə yönəlmiş şəkildə olmalıdır və antidepresant dərman qəbulu həkimin tövsiyə etdiyi formada olmalıdır. Bunu da qeyd edək ki, antidepresantların qəbulu asılılıq yaratmır və asılılıq yaratma qorxusu səbəbilə dərmanı yarıda dayandırmaq problemin pisləşməsinə səbəb olur. İlk etapda isə alternativ terapiyalara üstünlük vermək lazımdır. Depressiyanın sözlü terapiya, ailə terapiyası, EMDR, antidepresant terapiya kimi bir çox müalicə üsulları vardır. Təbii bütün bu müalicə üsulları ilə yanaşı ailənin dəstəyi də çox vacibdir. Fərdin yanında bu problemi birgə aradan qaldırmağa dəstək olan insan görməyi müalicəni daha effektiv edir.
Bunlardan əlavə dostluq münasibətlərinin davam etməsi, idmanla məşğul olmaq, spirtli içki və kofeindən uzaq durmaq, az kalorili qidaların qəbuluna üstünlük verilməsi, fərdin ona xoş olan fəaliyyətlə məşğul olması depressiyanın müalicəsində çox faydalı hesab olunur.
Depressiya hamiləliyə zərərlidirmi?
Depressiya hormonlara, əhval-ruhiyyəyə, cinsi istəyə mənfi təsir etdiyi üçün cinsi fəaliyyəti də zəiflədib hamilə qalmağı çətinləşdirir. Xüsusilə, bir neçə cəhddən sonra hamiləliyin uğursuz olması insanı daha çox stresə salır və hamilə qalmaq çıxılmaz bir vəziyyət alır. Yalnız hamililəliyə diqqət yetirmək və uğursuzludan qorxmaq depressiyaya səbəb ola bilər, həmçinin mövcud depressiyayanın şiddətini artıra bilər. Bu səbəbdən əgər hər hansı bir depresiv problem yaşayırsınızsa və ya yaşamısınızsa, hamilə qalmadan əvvəl müalicə olunmaq lazımdır.
Həll olunmamış və ya üstü örtülmüş depressiya hamiləlikdə və ya doğuşdan sonra yeni depressiyaya səbəb ola bilər. Buna görə də, hamiləlikdən əvvəl müalicə olunmaq lazımdır.