Balaca noxudun başına gələnlər (İran nağılı)

Text Page

Biri var idi, biri yox idi. Bu əhvalat bəlkə də doğrudan olub, bəlkə də heç olmayıb. Bir kişi ilə bir arvad var idi. Bunların uşaqları yox idi. Bunlar isə çox istəyirdilər ki, bir övladları olsun. Günlərin bir günü onların evinə bir dərviş gəldi. Dərdlərindən xəbər tutub onlara belə məsləhət gördü:

– Bir ovuc noxud götürün; onu dibçəyə töküb təndirə qoyun. Üç gündən sonra hər noxuddan bir oğlan, ya da bir qız çıxacaq.

Arvad belə də elədi. Üçüncü günü dibçəyi təndirdən çıxarıb otağın ortasına qoydu, dibçəyin içindəki noxudlar bir-bir yerə atıldılar. Arvad sevindi, əri isə qorxdu:

 

– Yaxşı, bir de görək ki, biz bu cini-cəfər qoşunu ilə nə edəcəyik? Sabahdan biri papaq istəyəcək, biri başmaq istəyəcək, biri paltar istəyəcək. Biz bu qədər pulu hardan alaq?

Süpürgəni götürüb noxudları süpürdü, noxudlar kandardan bayıra çıxan kimi o saat yox oldular. Ancaq bircə noxud təndirdə qalmışdı. Arvad gördü ki, əri bütün noxudları süpürüb atdı, başına döyüb ağladı və dedi:

– Sən nə elədin? Özümüz üçün heç olmasa bircə dənə noxud saxlaya idin!

– A, doğru deyirsən, lap yadımdan çıxdı! – deyə əri elə bil yatmışdı ayıldı.

Birdən o, nazik bir səs eşitdi:

– Dədə, mən burdayam!

Onlar əyilib təndirə baxdılar, – gördülər ki, orada bir noxud var. Sevindilər, noxudu təndirin içindən götürüb ovuclarına qoyan kimi noxuddan bir oğlan çıxdı. O, başdan ayağacan: əlləri də, ayaqları da, gözləri də, qulaqları da – bütün uşaqlarınkı kimi idi – ancaq boyu bapbalaca idi, noxud boyda. Ata ilə ana oğlanı elə Noxud da adlandırdılar.

İllər gəlib keçdi. Noxud bir azca böyümüşdü, ancaq yenə də balaca qalmışdı – bir barmaq boyda. Bir dəfə Noxud, anasına dedi:

– Ana, mən atam üçün çölə yemək aparacağam, yaxşı?

– Yox, sən apara bilməzsən, – deyə anası cavab verdi.

– Apara bilərəm, bacararam, görərsən!

Anası razı oldu. Xurcunun gözünə yemək qoyub eşşəyin dalına saldı, Noxudu da eşşəyin boynuna mindirdi. Eşşək yavaş gedəndə Noxud onun qulağını dartırdı, o da tez-tez gedirdi. Noxud gəlib atasının cüt sürdüyü talaya çatdı, qışqırdı:

– Dədə, mən sənin üçün yemək gətirmişəm, məni eşşəyin üstündən düşür!

Atası gəlib Noxudu aşağı düşürdü. Sonra da xurcunu açmağa başladı. Noxud ona dedi:

– Sənin üçün yemək gətirmişəm, indi də, sənin əvəzinə yeri mən şumlayacağam.

– Bacarmazsan.

– Bacararam.

Noxud cüt sürməyə başladı – öküzlər onun sözünə qulaq asırdılar. Birdən öküzlərdən birinin ayağı nəyəsə ilişdi. Noxud yerə düşüb gördü ki, öküzün ayağına ilişən bir küpdür. Küpün içi qızılla doludur. – Dədə, bir bura gəl, gör nə tapmışam! – deyə Noxud qışqırdı.

Atası yaxına gəlib öz gözlərinə inanmadı: küpün içində qızıl vardı.

Pulu evə gətirdilər. Noxud oynayır, şadlığından oxuyurdu:

– İndi biz dövlətliyik, indi biz dövlətliyik!

Ancaq ata ilə ana sevinmirdilər: padşah onsuz da xəbər tutub, qızıllarını əllərindən alacaq. Qızılların hamısını padşaha verməyə heyifləri gəldi. Belə qərara gəldilər ki, özləri götürüb qızılların yarısını padşaha versinlər.

– Ana, dədə, qoyun padşahın yanına mən gedim! Siz ona nə qədər verəcəksiz, mən də onu özüm apara bilərəm – deyə Noxud ata-anasının yaxasından yapışdı: o, padşahı yaman görmək istəyirdi.

Ata-anası razı oldu. Anası kisə tikdi, içinə iki ovuc qızıl tökdü. Noxud, qızıl kisəsini dalına alıb padşahın yanına yola düşdü. Anası yola onun üçün lavaş ilə qatıq qoymuşdu.

Az getdi, çox getdi, axır gəlib padşahın olduğu vilayətə çatdı. Noxud, padşahın uca sarayını görüb öz-özünə dedi:

– “A, padşah gör nə dövlətlidir! Bizim qızılımız onun nəyinə lazımdır?! Mən qızılı ona verməyəcəyəm”.

Noxud evlərinə qayıtmağı qərara aldı. Ancaq yaman ürəyindən keçirdi ki, padşahı görsün. O, yolun qırağında çala qazıyıb qızıl kisəsini orada gizlətdi, özü isə şahın sarayına getdi.

– Ay padşah, ay padşah! – deyə Noxud qışqırdı.

Şahın nökərləri onun yanına qaçıb:

– Nə üçün qışqırırsan? Nə lazımdır?

– Siz hamınız şahsız? Gör nə qədər şah var, – deyə Noxud təəccüb elədi.

– Nə danışırsan, a, – deyə nökərlər qorxdular. – Şah bir nəfərdir, biz isə onun nökərləriyik. Şah sarayda, qızıl taxtın üstündə oturub.

Noxud onlara dedi:

– Mən şahı görmək istəyirəm!

Gedib şaha xəbər verdilər. Şah əmr elədi ki, gedib Noxudu gətirsinlər.

Noxudu saraya gətirdilər. Doğrudan da şah qızıl taxtın üstündə oturmuşdu. Dövrəsində də vəzir-vəkili.

– Balaca, yaxın gəl. De görək sənin nə işin var? – deyə padşah soruşdu.

– Padşah, mənim bir işim yoxdur, – deyə Noxud cavab verdi. – Mən gəlmişəm sənə baxım. Bilirsən nə var? Gəl mənimlə lavaşla qatıq yeyək!

Hamı qışqırıq-bağırıq saldı:

– Vay səni, haramzadə uşaq!

– Axmağa bax ha, padşaha lavaş təklif edir.

– Məgər padşah qatıq yeyir?

– Bəs padşah nə yeyir? – deyə Noxud təəccüb etdi.

– Yumurta, bal, plov, cücə çığırtması...

Padşah, oğlanın ədəbsizliyinə hirslənib onu zindana saldırdı.

Zindan Noxudun xoşuna gəlmədi, o fikirləşməyə başladı ki, necə eləsin padşahı aldadıb evlərinə qaçsın. Fikirləşdi-fikirləşdi, axırda tapdı. O, qışqırmağa başladı:

– Mənim yadımdan çıxıb şaha qızıl barəsində heç nə demədim, qızıl barəsində heç nə demədim, – axı qızıl barəsində heç nə demədim...

Gözətçilər bunu eşidib şaha xəbər verirlər. Şah əmr edir ki, Noxudu yenə də onun yanına gətirsinlər.

– Tez ol, de görək ki, yadından nə çıxıb mənə deməmisən!

Noxud dırmaşıb şahın çiyninə çıxdı, başını əyib onun qulağına dedi:

– Bir dəfə məni zindana saldırmısan, bir də belə şey eləmə!

Padşah heç özünə gəlməmiş, Noxud, padşahın dizinin üstünə atıldı, ordan da yerə tullanıb qaçdı.

Yolda o, qızılla dolu kisəsini tapıb evlərinə qayıtdı. Bütün bunları ata-anasına danışdı, axırda dedi:

– Şaha heç nə verməyin, o, onsuz da dövlətlidir!


Mənbə: Azərbaycan nağılları