Əlcək (Ukrayna nağılı)

Text Page

Bir baba meşə ilə yol gedirdi, onun dalınca balaca bir it qaçırdı. Baba az getdi, çox getdi, əlcəyini düşürdü. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi:

- Mən burda yaşayacam.

Bu vaxt bir qurbağa – hop-hop - hoppanıb gəldi və soruşdu:

- Əlcəkdə kim yaşayır?

- Mən hər şeyi gəmirən siçanam! Bəs sən kimsən?

 

- Mən isə hər yerə hoppanan qurbağayam. Olar gəlim?

- Gəl!

İndi onlar iki nəfər oldular. Birdən dovşan qaçıb gəldi. Əlcəyə yaxınlaşdı, soruşdu:

- Əlcəkdə kim yaşayır?

- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa. Bəs sən kimsən?

- Mən ora-bura qaçan dovşanam. Məni də buraxın!

- Gəl!

İndi üç nəfər olduar. Yaxınlıqdan tülkü qaçırdı:

- Əlcəkdə kim yaşayır?

- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan. Bəs sən kimsən?

- Mən isə quyruğu ala tülkü xalayam. Məni də buraxın!

İndi onlar dörd nəfər idilər. Gördülər ki, bir canavar qaçır, özü də əlcəyə tərəf gəlir. Canavar soruşdu:

- Əlcəkdə kim yaşayır?

- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala. Bəs sən kimsən?

- Mən ağzı qara canavaram. Məni də buraxın!

- Yaxşı gəl!

Canavar da özünü içəri saldı. Beş nəfər oldular. Birdən hardansa bir qaban peyda oldu.

- Xor-xor-xor, əlcəkdə kim var?

- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar. Bəs sən kimsən?

- Mən vurub yıxan qabanam. Məni də buraxın!

Bu nə işdir, hamı əlcəkdə yaşamaq istəyir.

- Sən bura girə bilməzsən!

- Birtəhər girərəm, buraxın!

- Neyləmək olar, gir!

- Qaban da içəri girdi. İndi altı nəfər oldular. Elə darısqallıq idi ki, tərpənə bilmirdilər!

Birdən ağaclar şaqqıldadı, meşədən bir ayı çıxdı. О da əlcəyə yaxınlaşdı, böyürməyə başladı:

- Əlcəkdə kim yaşayır?

- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar, vurub yıxan qaban. Bəs sən kimsən?

- Ah, ah, ah! Necə də çoxsunuz! Mən də ayı dayıyam. Məni də buraxın!

- Səni necə buraxaq? Heç üzümüz tərpənə bilmirik.

- Birtəhər!

- Gəlirsən, gəl! Amma ehtiyatla!

Ayı da üzünü əlcəyə saldı. Yeddi nəfər oldular. Özü də elə darısqallıq idi ki, əlcək az qala cırılacaqdı.

Bu vaxt baba xəbər tutdu ki, əlcəyini itirib. О əlcəyini axtarmağa başladı. İti özündən də qabağa qaçdı. Az qaçdı, çox qaçdı, gördü ki, əlcək yerdədir, özü də tərpənir. İt hürməyə başladı:

- Hav-hav, hav!

Heyvanlar qorxdular, əlcəkdən çıxıb hərə bir tərəfə qaçdı. Вaba isə yaxınlaşıb əlcəyini yerdən götürdü.