Beş mehriban dost (Birma nağılı)

Text Page

Mən sizə beş mehriban dostun nağılını danışım.

Keçmiş zamanlarda dörd qardaş, bir də onların ən yaxın dostu və nökəri var idi. Ancaq bu nökər adi nökərlərdən deyildi. Buna yaxşı olardı ki, böyük dost, başçı deyəydin, çünki bu, dörd qardaşın dördündən də qüvvətli və təcrübəli idi.

Bu böyük dostun adı Qüvvətlicə idi. O ucaboy deyildi, ancaq ətli-canlı və qüvvətli idi, ona görə də ona Qüvvətlicə ad qoymuşdular. Qardaşların böyüyünün adı Davakar idi, çünki, o həmişə hamıdan qabaq dava-dalaş salardı.

İkinci qardaşın adı Hamıdanuca idi. Çünki o, doğrudan da qardaşların hamısından uca idi.

Üçüncü qardaşın adı Xəzinədar idi, çünki, qayğıkeş, yığımcıl və ehtiyatlı idi.

Dördüncü qardaş da boyca hamısından kiçik olduğu üçün ona Balaca deyirdilər.

Bu beş mehriban dost uzun müddət dünyanı gəzib dolaşdı və cürbəcür igidliklər göstərdilər. Bir dəfə də onlar zalım bir padşahın şəhəri olan böyük və varlı bir şəhərə gəlib çıxdılar.

Qüvvətlicə dedi:

– Bəsdir daha dünyanı gəzib dolaşdıq və xırda-para, boş-boş işlərlə məşğul olduq! Bunlarla biz ad-san qazanmayacağıq. Yaxşısı budur, gəlin, bu padşahın yerini ələ keçirib şəhəri zalım padşahın zülmündən azad edək. Onda adamlar bizim adımızı həmişə şərəflə yad edəcəklər.

Qardaşlar razılaşdılar. Beş hörmətli dost şəhərin qızıl divarlarına yaxınlaşdı.

Davakar qabağa çıxıb padşahı davaya çağırdı. Şiddətli vuruşma başlandı. Beş mehriban dost padşahla və onun qoşunu ilə mübarizəyə başladı. Bu davada Hamıdanuca xüsusilə fərqləndi. Axırda zalım padşah məğlub oldu, şəhər də azad edildi.

Beş mehriban dost da oturub fikirləşməyə başladılar ki, şəhəri kim idarə etsin?

Dörd qardaş deyirdi ki, şəhəri gərək Qüvvətlicə idarə etsin, çünki Qüvvətlicə onların başçısıdır və hamısından da böyük və təcrübəlidir.

Qüvvətlicə razı olmadı. O, dedi ki, şəhəri gərək Davakar idarə etsin, axı padşahı davaya o çağırıb və döyüşü də o başlayıb. Davakar da razı olmadı. O, dedi ki, şəhəri gərək Hamıdanuca idarə etsin, çünki o hamımızdan zirək vuruşurdu və bizə qələbə qazandıran da odur.

Ancaq Hamıdanuca da razı olmadı. O dedi ki, şəhərin bu qədər varı-dövləti var, o bunu sayıb qurtara bilməz! Yaxşısı budur ki, Xəzinədar şəhərin başçısı olsun.

Ancaq Xəzinədar da razı olmadı. O dedi ki, şəhəri gərək Balaca idarə etsin, çünki o hamımızdan kiçik və zəifdir. heç vaxt o özü üçün başqa padşahın yerini ələ keçirə bilməz. Ancaq Balaca dedi ki, o çox zəifdir, ona görə də yaxşı hökmdar ola bilməz.

Beş mehriban dost çox götür-qoy etdilər, axırda belə qərara gəldilər: “Şəhəri, beşimiz də birlikdə idarə edək!”. Qərara aldıqları kimi də elədilər. Dünyada bu beş mehriban dost kimi hakim, yer üzünə gəlməmişdi.

İndi də, uşaqlar, öz əlinizə baxın. Sizin də beş mehriban dostunuz var ki, bunlar da sizə canla-başla işləməyə hazırdırlar. Baxın görün: sizin böyük barmağınız – Qüvvətlicədir: o qüvvətli və möhkəmdir. Şəhadət barmağınız – Davakardır: axı siz birini hədələmək istəyəndə şəhadət barmağınızı onun üçün silkələyirsiz. Sizin orta barmağınız – Hamıdanucadır: o elə doğrudan da o biri barmaqlardan böyükdür. Adsız barmaq Xəzinədardır, çünki böyüklər qızıl və gümüş üzükləri bu barmağa taxırlar. Sizin çeçələ barmağınız isə Balacadır – bu barmaq həm balacadır, həm də zəif və gülməlidir!

Bax, görürsüz, demək sizin də hər şeydə sizə kömək etməyə hazır olan beş mehriban dostunuz var. Onlar sizə xoşbəxt olmaqda kömək edərlər..


Mənbə: Azərbaycan Nağılları