Gec danışan uşaqlar

Text Page

Uşaqlar nəyə görə gec danışa bilər və gec danışmanın xüsusiyyətləri nələrdir?

Uşaqlarda dilin inkişaf etməsi üçün nə qədər müddət lazımdır? Uşaqlar ətraflarındakı səsləri, danışıqları dinləyərək dili və danışmağı öyrənirlər. Körpənin ilk ağlaması danışmağın başlanğıcı hesab edilə bilər. Yemək istədiyini, yuxusunun gəldiyini, altının bulaşdığını, yorulduğunu demək üçün bu səsdən istifadə edirlər.

Müəyyən zamandan sonra körpələr ağlamaqdan başqa da səslər çıxara bildiyini kəşf edirlər. Körpələr get-gedə sadəcə ətrafında eşitdiyi səsləri təqlid etməyə başlayır. Səslərdən hecalara, sözlərə və cümlələrə  doğru sürətli bir inkişaf olur.

Uşağın dil inkişafında bir gecikmə olub-olmadığının göstəricisi nədir?

Bəzən dil inkişafındakı gecikmə eşitmə əngəlliyi, autizm, serebral iflic kimi bir çox səbəbdən qaynaqlana bilir. Əgər dil inkişafı ilə birgə oturma, iməkləmə, gəzmə kimi bacarıqlarında da gecikmə varsa, tez-tez tarazlığını itirib yıxılırlarsa, göz təması qurmur və toxunduqda reaksiya  vermirsə onu uşaq nevropatoloqunun yanına aparmağınız məsləhətdir. “Böyüdükcə düzələr”, “atası da gec danışmışdı”, “məktəbə başlayana qədər düzələr” kimi fikirləri əsas gətirib həkimə getməmək düzgün deyil.

Hansı vəziyyətdə həkimə aparılmalıdır?

  • 3 aylıq - ətrafdakı səslərə və ya insan səsinə reaksiya vermirsə;
  • 3-5 aylıq - qığırdamalar olmursa, yetgin insanların isti münasibətinə gülümsəyərək cavab vermirsə, hirsli səs tonuna ağlamaq ilə reaksiya vemirsə;
  • 6-9 aylıq – “bada-bagu” kimi anlamsız hecalardan istifadə etmirsə, üzünü görmədiyi halda anasının səsini eşitdiyində reaksiya vermirsə;
  • 10-11 aylıq - “xeyr-yox” deyildiyində anlamır, jest və mimikadan istifadə etmirsə;
  • 12 aylıq -  danışıq səslərini təqlid etmir, istədiklərini əldə etmək üçün ağlamaq xaricində başqa səs çıxarmırsa;
  • 18 aylıq - ailə üzvlərini tanıyıb göstərmirsə;
  • 24 aylıq - söylənilən bir-birindən fərqli 50 sözü anlamır, ana-ata kimi ailə üzvlərinin və ya evdə saxlanılan heyvanların adlarından başqa ən az 4 sözü deyə bilmirsə;
  • 3 yaşında - söylədiklərinin 50%-I ailə üzvləri xaricində heç kəs tərəfindən anlaşılmır, ən azı 3 sözdən ibarət olan cümlələr qurmursa, bəsit suallara cavab vermirsə;
  • 4 yaşında - keçmiş-gələcək zamana aid danışa bilmirsə;
  • 5 yaşında- “nə üçün-necə” suallarına cavab vermir, cisimlərin nə işə yaradığını (məs, stul ilə nə edirik?) ifadə edə bilmirsə (ola bilər ki bilir, deyə bilmir), danışdıqlarının böyük hissəsi insanlar tərəfindən anlaşılmırsa ən qısa müddətdə onu həkiminin yanına aparmalısınız.

Mənbə: Novak Djokovic Foundation

Məqaləni Azərbaycan dilinə tərcümə etdi: Sovqat Əzimova