Uşaq inkişafında oyunların rolu

Text Page

Uşaq inkişafında oyunların rolu #EvdəQal #TəhsildənQalma

İnsan xarakterinin çox hissəsi uşaqlıq dövründə formalaşır. Piajeyə görə: "Oyun uşağın ən önəmli işidir." Bəli, 5 yaşa qədər uşaqlar üçün oyun təcrübə fəaliyyətidir. Dünyanı, var olan bütün fəaliyyətləri oyun vasitəsiylə kəşf etmək onlar üçün ən əlverişli üsuldur. Uşaqlar oyun vasitəsiylə bir-biriləri arasında ünsiyyət qurur, yeni dostlar qazanır həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri məhz oyun vasitəsiylə əldə edirlər. 

Oyun fiziki, sosial, intelektual, psixoloji və emosional tərəfdən uşağa təsir edir və şəxsiyyətin formalaşmasında əsaslı yer tutur. Ümumiyyətlə oyun bu yaş  dövrünün əsas fəaliyyət növü hesab edilir. Yaradıcı təxəyyülü və intellekti inkişaf etdirir, qabiliyyəti formalaşdırır. 

5 yaşına qədər uşağa başlıca təlim metodu oyundur. Oyunun köməyi ilə biz təlimi şən, cəlbedici və uşaqlar üçün həyati zəruri bir prosesə çeviririk. Oyun uşaqların həyatıdır, çünki uşaqlar, o bitməz tükənməz enerjiləri ilə gördükləri hər bir fəaliyyəti oyun olaraq tanımlayırlar. Uşaq sevdiyi oyunları yalnız həmyaşıdları ilə deyil, eyni zamanda valideynləri ilə oynamağı da çox sevir. Valideynlə birlikdə keçirilən oyunlar uşaq-valideyn münasibətlərinə müsbət təsir edir, onların ünsiyyətini, sevgi bağını daha da möhkəmləndirir. Bu da uşaqda daha güclü özgüvən hissi oyadır.

Sizə övladınızla oynaya biləcəyiniz bir neçə oyun təklif edirik:

Anamın oynadığı oyunları oynayıram.

Uşaq ikən nə oynamağı sevdiyinizi xatırlayın və  uşaqlıqda sevdiyiniz oyunları övladlarınıza da öyrədərək onunla birlikdə təkrar oynayın. Övladınızla birlikdə keçmişə səyahət etməyə  hazırsınızmı?

Öz dərgimi düzəldirəm.

Vəsaitlər: köhnə kitab, köhnə iş dəftəri , köhnə rəsm dəftərinin və ya hər hansı dəftərin üz qabığı, qayçı, yapışqan

Yuxarıda qeyd edilmiş vəsaitləri uşağa təqdim  edib, ondan xəyal gücündən istifadə edərək  dərgi düzəltməsini xahiş edirsiniz.

Ailə ağacı.

Vəsaitlər: rəngli kağızlar, rəngli karandaşlar, qayçı, yapışqan.

Ailə üzvlərinin hər birinin əl izini rəngli kağıza köçürüb və köçürülən hissəni kəsirik. Daha sonra ağ vərəqdə çəkmiş olduğumuz ağacın budaqlarına yapışdıraraq ailə ağacımızı düzəldirik.

Güzgüyə baxırıq.

Övladınızla birlikdə güzgü qabağında gülməli üzlər təsvir etməyə razısınızmı?

Torbada nə var? 

İçi görünməyən torbanın içini müxtəlif təhlükəsiz əşya, oyuncaqlarla doldurub torbanı qarışdırırsınız. Sonra övladınızdan torbanın içinə əlini salaraq hansı əşyaya toxunduğunu soruşursunuz.


Müəllif: Pəri Osmanova