Məktəbəqədər təhsil uşaqlara nəyi öyrədir?

Text Page

Sosial və mənəvi inkişaf

Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir. Uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemi həll etməyi öyrənirlər. Məktəbəqədər qrupda uşaqların araşdırma qabiliyyətini gücləndirmək, özünə inam hissini yaratmaq və həmyaşıdları ilə oynamaqları üçün əlverişli mühit olur. Uşaqlar həm də valideynlərinin köməyi olmadan tapşırıqları yerinə yetirə və qərar verə biləcəklərini öyrənirlər. 

 

Məktəbə hazırlıq

Öz davranışlarını idarə etmə bacarığının mənimsənilməsi məktəbəqədər təhsilin önəmli hissəsidir. Uşaqlar səbrli olmağı, əllərini necə qaldırmağı öyrənirlər. Onlarda növbə anlayışı formalaşır. Uşaqlar gündəlik rejimə, qaydalara riayət etməyi və gözləməyi öyrənirlər. Keyfiyyətli məktəbəqədər təhsil qrupları uşaqlara araşdırma, təcrübə etmə və söhbət yolu ilə öz suallarına cavab tapmağa kömək edir. Məktəbəqədər qrupa gedən uşaq həm də valideynlərindən ayrı qalmağa alışır.

 

Dil və idrak inkişafı

Uşaqların ünsiyyət bacarıqları "dil ilə zəngin" bir mühitdə daha çox inkişaf edir. Sinif şəraitində müəllimlər məşğələ zamanı uşaqlara yeni sözlər təqdim etməklə onların dil bacarıqlarını gücləndirməyə kömək edir. Müəllimlər uşaqları mahnılar, kitablar və yaradıcı oyunlar vasitəsilə dil öyrənməyə cəlb edir.

Məktəbəqədər qrupda sadə riyazi bacarıqlar öyrədilir. Uşaqlara hərflər və rəqəmlər onların yaşlarına uyğun vasitələrlə çatdırılır. Müəllimlər uşaqlarda dinləmə, qavrama və ifadəli dil bacarıqlarını inkişaf etdirmək üçün hekayələr oxuyurlar. Say və çeşidləmə oyunları vasitəsilə rəqəmləri öyrənirlər və ardıcıllıq anlayışı formalaşır. Uşaqlar onlara maraqlı olan fəaliyyətlər: mahnı, hekayələr və rollu oyun vasitəsilə daha yaxşı öyrənirlər. Məktəbəqədər təhsil akademik uğur qazanmaq üçün deyil, daim ətrafı araşdırmağa və suallar verməyə həvəsli bir uşaq yetişdirmək üçündür.

Erkən uşaqlıq dövründə keyfiyyətli təhsil uşaqlara idrak, davranış və sosial bacarıqları ev mühitindən daha yaxşı aşılayır. Bununla yanaşı, məktəb müəllimləri məktəbəqədər təhsildən gələn uşaqlara dərs deməyin daha asan olduğunu bildirirlər.


 


Mənbə: www.verywellfamily.com

Müəllif: Robin McClure

Məqaləni Azərbaycan dilinə tərcümə etdi: Sovqat Əzimova


 

Foto qalereya