Azyaşlı uşaqları olan valideynlər üçün məsləhətlər

Text Page

Azyaşlı uşaqları olan valideynlər üçün məsləhətlər #EvdəQal #TəhsildənQalma

Koronavirus xəstəliyinin (COVİD-19) alovlanması ilə əlaqədar baş verən son proseslər bir çox uşaqların və valideynlərin gündəlik həyatlarını dəyişdi. Sosial məsafə saxlayan, özünü karantinə alan ailələrin sayı artdıqca və məktəblər və iş yerləri bağlandıqca, insanın özünü stressli hiss etməsi normaldır. Stress sadəcə sağlamlıq məsələləri ilə bağlı narahatlıqlardan yaranmır, həm də gündəlik fəaliyyətləri kəskin şəkildə dəyişmiş uşaqlarla birdən-birə evdə uzun müddət qalmaq kimi yeni bir reallıqdan qaynaqlana bilər. Uşaqlar öz yeni həyat tərzlərinə (məs. məktəb və bağçaların bağlanması, sosial məsafə, evə qapanma) uyğunlaşmaqda çətinlik çəkir və bu da öz növbəsində onların nizam, proqnozlaşdırıla bilənlik və təhlükəsizlik hisslərinə təsir edə bilər. Evdə qalmaq, yaşıdları ilə təmas saxlaya və oynaya bilməmək uşaqların təşvişə düşməsinə səbəb olur. Uşaqlar internetdə və ya televizorda gördüklərini, yaxud digər şəxslərdən eşitdiklərini anlamaqda çətinlik çəkə bilər. Buna görə də, onlar təşviş, stress və məyusluq hisslərinə qarşı xüsusilə zəif ola bilər. Çölə çıxmaq və oynamaq imkanlarının olmaması onların narahatlığına və ümidsizliyə düşməsinə səbəb olur ki, bu da valideynlərin keçirdiyi stressi daha da gücləndirir.  

Bu məsləhətlər asudə vaxtın təşkili ilə bağlı planlaşdırma aparmaq və müəyyən ideyalara malik olmaq, uşaqlarınızla necə danışmaq və onların hətta hazırkı şəraitdə belə inkişaf etməsinə kömək etmək baxımından sizin üçün faydalı olacaqdır. 

Gündəlik rutin yaradın və ona əməl edin

  • Uşağınızla birlikdə gündəlik qrafik hazırlayın. Hər bir fəaliyyəti əks etdirən təsvirlər çəkin və hər bir fəaliyyətin həyata keçiriləcəyi vaxtları əlavə edin.
  • Uşağın yeni vəziyyətdən öncə bağçada əməl etdiyi gündəlik rutinə uyğun qrafik təşkil edin (yemək, oyun vaxtları, qəlyanaltı və yatmaq vaxtları, fiziki fəaliyyətlərlə sakit fəaliyyətlərin və öyrənmənin balanslaşdırılmış kombinasiyası)
  • Uşaqları gündəlik ev işlərinə cəlb edərək onlara konkret tapşırıqlar və ya vəzifələr verin (süfrənin qurulması, bitkilərin sulanması, təmiz paltarların qatlanması və s.)
  • Qrafikə "bütün ailə"nin məşğul olacağı mütəmadi fəaliyyətləri daxil edin - birgə yeməklərdən, oyunlardan və ya istirahət fəaliyyətlərindən həzz alın. Qrafikə əməl etməyə çalışın, çünki stabillik azyaşlı uşaqların özlərini rahat və təhlükəsiz hiss etmələrinə kömək edir.

Özünüzə qulluq edin

  • Ailəvi işlərdən ayrılaraq qısa fasilələr üçün vaxt ayırın (tək gəzintilər, vanna qəbul etmək, dostlarınızdan biri ilə telefonda danışmaq) və ya istirahət etmək üçün "sakitlik vaxtı"ndan istifadə edin.
  • Valideynlər də insandır və özünəqulluq sizin stressi idarə etmək və uşaqlarınıza adekvat dəstək göstərmək qabiliyyətinizi artırır.
  • Həyat yoldaşınızla münasibətlərinizə diqqət ayırmaq və bir-birinizə dəstək göstərmək üçün vaxt ayırın.

Oyun və öyrənmə fəaliyyətləri üçün hazır ideyalarınız olsun 

  • Şəraitdən asılı olaraq, evdə və çöldə məşğul ola biləcəyiniz fəaliyyətlərin siyahısını hazırlayın
  • Fiziki fəaliyyətlərlə (qaçmaq, top oyunları, velosiped sürmək kimi çöl məşğuliyyətləri, yaxud rəqs, yoqa, yastıqlardan və qutulardan qalalar tikmək kimi ev məşğuliyyətləri) oturaq fəaliyyətlər (rəsm çəkmək və boyamaq, nağıl danışmaq, uşaq mahnıları oxumaq, pazllar, oyunlar və s.) və "sakitlik vaxtı" ilə (istirahət, birlikdə oxumaq) balanslaşdırın 
  • Uşaqlarınıza məşğul olmaq istədikləri fəaliyyətləri seçmək imkanı verin və unutmayın ki, azyaşlı uşaqların diqqətlərini cəmləmə müddətləri qısadır və maraqlarını tez itirə bilərlər 
  • Öyrənmə fəaliyyəti ilə məşğul olarkən, məktəbəqədər yaşlı uşaqlar üçün uyğun akademik bacarıqların saxlanması barədə narahat olmaqdansa, onu pozitiv və əyləncəli keçirmək önəmlidir. Birlikdə oxumaq, hekayə danışmaq və oyunlar kimi maraqlı təcrübələr azyaşlı uşaqları stressə salmadan öyrənmə ilə məşğul olmaq üçün əyləncəli yollardır.  
  • Sizə bəzi ideyalar vermək üçün oyun və məşğələlərin siyahısı təqdim olunur. 

 

 Ekranın qarşısında keçirilən vaxtın və kontentin adekvatlığı

  • Uşaqları onları narahat edən və stressə sala biləcək qeyri-adekvat televiziya/media kontentindən qoruyun. Ailə olaraq COVİD-19-la bağlı izlədiyiniz xəbərlərin miqdarını məhdudlaşdırın - xüsusilə azyaşlı uşaqların qarşısında. Elə hesab etməyin ki, onlar qulaq asmır - hətta fəal şəkildə baxmasalar belə.
  • Uşağınız üçün ekran qarşısında keçiriləcək müddəti müəyyən edərək onu gündəlik qrafikə daxil edin və izlədikləri kontentin münasib olduğundan əmin olun. Azyaşlı uşaqlar uzun müddət televizorun və ya rəqəmsal ekranların qarşısında tək qaldıqda, bu, onların koqnitiv və sosial-emosional inkişafına mane ola bilər.
  • Uşaqların öyrənməsi üçün ən yaxşı yol insanlarla qarşılıqlı əlaqədir: birlikdə izləmək və kontent barədə danışmaq.
  • Sosial məsafəni kompensasiya etmək və dostlarla və ailə ilə danışmaq üçün texnologiyalardan (Skype, Zoom, whatsapp) istifadə edin

 

Pozitiv valideynlik yanaşmalarından istifadə edin

  • Uzun müddət evdə qalmaq birgə fəaliyyətlərlə məşğul olmaq və birgə vaxt keçirmək  yolu ilə uşağınızla bağlılığınızı artırmaq imkanı verir
  • Yadda saxlayın ki, bu situasiya uşaqlar üçün də eyni dərəcədə çətindir və onlar öz yaş və inkişaf səviyyələrinə uyğun reaksiya verirlər. Uşaqlarınıza qarşı real gözləntilərə malik olun. Bu, arzuolunmayan davranışları (həddən artıq ağlama, kolik, emosional partlayışlar (tantrum), yuxu problemləri, qidalanma problemləri və s.) konstruktiv şəkildə aradan qaldırmağınıza kömək edəcək.
  • Həyat yoldaşınızla münasibətlərinizə diqqət ayırmaq və bir-birinizə dəstək göstərmək üçün vaxt ayırın, uşaqlar üçün nümunəvi davranış nümayiş etdirin.
  • Arzuolunmayan davranışlarla üzləşdikdə, qeyri-zorakı intizam metodlarına (diqqəti başqa şeyə yönəltmək, müsbət şeylərə diqqət yetirmək, ətrafdakı şeylərin yerini dəyişmək, fasilə vermək, müsbət davranışı mükafatlandırmaq və s.) üz tutun.