"Şir və siçan" nağılı

Text Page

Günlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb oyan-buyana qaçmağa başladı. Şir oyanıb siçanı tutdu.

Siçan yalvarmağa başladı.

O, şirə dedi:

-Əgər məni buraxsan, sənə yaxşılığım dəyər.

Şir siçanın bu sözlərinə güldü, ancaq ona dəymədi.

Bir gün şir tələyə düşdü. O nə qədər çalışsa da, torun möhkəm iplərini qıra bilmədi. Acıqlanmış şir var gücü ilə nərildəyirdi.

Şirin nəriltisini eşidən siçan özünü ona yetirdi. Torun kəndirlərini gəmirməyə başladı.

Nəhayət, şir canını tordan qurtardı. O, siçana dedi:

-O vaxt mən sənin sözlərinə güldüm. Ancaq, sən demə, siçanın da şirə yaxşılığı dəyərmiş.