Uşaqlarda antibiotik istifadəsi necə olmalıdır ?

Text Page

 Antibiotik müalicəsinin viral infeksiyalardan çox bakterial xəstəliklərdə tətbiq edilməsi tövsiyə olunur. Ehtiyac olmadığı halda antibiotik qəbulu uşaq orqanizmi üçün zərərli hesab olunur. Hansı hallarda uşağa antibiotiklərlə müalicə təyin olunmalıdır? Uşağa hansı antibiotiklər təyin oluna bilər? Bu məqalədə bilməli olduğunuz məsələlərdən danışacağıq.

 Antibiotik nədir?

Bakteriyaları öldürən və ya onların  çoxalmasına maneə törədən bioloji mənşəli və ya sintetik yolla alınan maddələrə antibiotik deyilir. Bakteriyalar və ya göbələklər ətrafdakı digər orqanizmlərin məhv olmasına və ya daha da böyüməsinə mane olan maddələr istehsal edir və bu maddələr işləndikdə istifadə etdiyimiz antibiotiklərə çevrilirlər. Antibiotiklər viruslara və göbələklərə təsir göstərmir, buna görə də virus xəstəliklərinin müalicəsində istifadə edilmir. Antibiotik müalicəsi yalnız bakterial infeksiyalar üçün seçilir.

Antibiotik uşaqlar üçün zərərlidirmi?

Gərəksiz antibiotik istifadəsi uşaqlarda antibiotik müqavimətinə səbəb olur və onların immunitet sisteminə zərər verir. Buna görə də ehtiyac olmadığı təqdirdə uşaqlarda antibiotik istifadəsindən qaçınmaq lazımdır. Antibiotiklərin orqanizmdən necə xaric olunmasına gəldikdə, bu dərmanların çoxunun qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olduğunu söyləyə bilərik. Gərəksiz antibiotiklər də bu orqanlara zərər verir. Antibiotiklərin təkrar istifadəsi uşaqlarda selikli qişa infeksiyası adlanan sinüzit, qulaq iltihabı, pnevmoniya, faringit və ishal kimi xəstəliklərin daha çox yayılmasına səbəb olur.

Uşaqlarda antibiotik qəbulu dişlərə zərər vura bilərmi?

Antibiotik qəbulu uşaqlarda dişlərin üzərində boz, qəhvəyi, bənövşəyi rəngli ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

 Uşaqlara hansı antibiotiklər verilə bilər?

Uşaq antibiotikləri və yetkinlər üçün antibiotiklər arasında bəzi fərqlər mövcuddur. Antibiotiklər, bloklara təsir edərək bakteriyaların həyatda qalması üçün lazım olan metabolik hadisələrin qarşısını alır. Ancaq bakteriyalara təsir edərkən antibiotik həm uşaqların, həm də böyüklərin bakterioloji hüceyrələrinə zərər vura bilər. Uşaq orqanizmi hələ böyüməkdə olan orqanizm olduğundan yetkin insanların istifadəsi üçün olan antibiotiklər uşağın böyümə hüceyrələrinə mənfi təsir edir. Bu səbəbdən uşaq antibiotiklərinin tərkibi fərqli ola bilər və yetkinlər üçün olan hər antibiotik uşaq üçün istifadə oluna bilməz.  Bizim infeksiyalar üçün antibiotik adları paylaşmağımız doğru yönləndirmə sayılmır.  Bu mövzuda ən doğru müalicə üsulunu uşağın xəstəliyinə görə ailə həkiminiz təyin edə bilər.

 Allergiyası olan uşaqlara  antibiotik necə təsir edə bilər?

Uşağın allergiyası olsun ya da olmasın, bəzi antibiotiklər əks allergik reaksiya verə bilər.  Xüsusilə penisilin qrupu olanların allergik reaksiyaya səbəb olma ehtimalı daha yüksəkdir. Dəridə tək- tük yaxud sıx yayılmış qızartı, səpki, ləkə kimi görünən bu allergik reaksiyalar ölümə səbəb olacaq qədər təhlükə yarada bilər. Bu səbəbdən antibiotikin əzələ daxilinə yeridilməsi mütləq tibb müəssisəsində edilməlidir və sınaq tətbiqində əks təsirin olub olmadığını dəqiqləşdirməkçün bir saata yaxın gözləmək məsləhətdir.

Uşaqlar antibiotiki neçə gün qəbul edə bilər?

Antibiotikin qəbulu necə olmalıdır sualının cavabı  antibiotikin növündən və xəstəlikdən asılı olaraq dəyişir. Lakin antibiotik qəbulunu həkimin müəyyən etdiyi gündən tez dayandırmaq olmaz. Çünki uşağı yaxşı görüb antibiotiki saxlasaq, bakteriyalar müqavimət qazanar və xəstəlik yenidən təkrar qayıdar. Antibiotik və qızdırma salan dərmanlar eyni vaxtda verilə bilərmi, mövzusuna da aydınlıq gətirək. Bakterioloji infeksion xəstəliyin müalicəsində antibiotik tətbiq edildikdə qızdırma enməyə başlayır. Lakin ağırlaşmış bəzi hallarda qızdırma düşmürsə ilk öncə qızdırma salan təbii üsullardan istifadə edin. Bu da kömək etməzsə, qızdırma salan dərmanın verilməsinin xəstəliyin gedişinə heç bir yan təsiri yoxdur.

Uşaqlar antibiotik qəbul etdikdə nələrə diqqət etməliyik?

Bəzən valideynlər uşaqlara antibiotik yazdırmaq üçün israrlı olur. Bu qərarı həkimə buraxmalısınız.

Uşaq antibiotiklərini qızdırma salıcı və ağrı kəsici kimi istifadə etməməlisiniz.

Həkim məsləhəti olmadan uşağa antibiotik verməməlisiniz.

Həkimdən dərmanın verə biləcəyi əks təsiri öyrənməlisiniz.

Antibiotiki hər gün eyni dozada və eyni vaxtda verməyə diqqət etməlisiniz.

Aparılan araşdırmalara görə iki yaşa qədər uşaqların antibiotik istifadəsi gələcəkdə kökəlməyə yol açır. Uşağınızın antibiotik istifadəsini minimuma endirin.