UŞAĞINIZ SİZƏ NƏ QƏDƏR BAĞLIDIR?

Text Page

 Uşaqlarımızın internetə qoşulma sürəti artdıqca, onların valideynlərinə bağlılığı eyni sürətdə azalır. Əvvəllər evlərdə axşamlar yalnız bir yaşam forması olurdu.  Bu günlərdə isə  evdə nə qədər çox insan varsa, bir o qədər çox yaşam forması  var.

 Uşaqla  ünsiyyət qurmaq ifadəsi necə sadə və adi görünür. Amma yaşadığımız həyata nəzər saldıqda görürük ki, ünsiyyət qurmaq dediyimiz məqamlar "yola vermək "dən ibarət qəribə dialoqlardır.

 Fikirləşin! Sonuncu dəfə nə vaxt uşağınızla oturub yarım saat söhbət etmisiniz? Təbii ki, mən monoloqdan danışmıram. Uşağınızı qarşınıza qoyub yarım saat əsəbi şəkildə məsləhətlər vermiş ola bilərsiniz. Yaxud siz onların dərslərindən danışmış ola bilərsiniz. Demək istədiyimiz bu deyil.  Biz söhbət etmək və qarşılıqlı ünsiyyətdən danışırıq.

 Bir həftə ərzində TV şoularına baxmağa sərf etdiyiniz vaxtı uşağınızla danışmağa və ya oynamağa sərf etdiyiniz vaxtdan çoxdursa, bu çox pisdir. Çünki uşaqlarımızın məktəbəqədər dövrü hamımızın izləməli olduğu ən önəmli serialdır. Və bu serial adətən altı mövsüm davam edir. İlk sezonları qaçıran valideynlər üçüncü və ya dördüncü sezondan birbaşa baxmağa başlasalar, məsələni anlaya bilməzlər. Və mövzu başa düşülənə qədər mövsüm finalı gəlir.

 Uşağınızın tualetdən istifadə etmə vərdişi olmadan əvvəl uşaq bezlərini bağladığınız günləri xatırlayın. Təbii ki, gündə bir neçə dəfə uşaq bezi bağlamaq, altını təmizləmək asan iş deyil. Amma tənbəllik edib uşağa bezi bağlamasanız, ev natəmiz yerə çevrilməyə başlayacaqdır.

 Uşağınızda sağlam internet vərdişi yaranmamışdan əvvəl də siz tənbəllik etsəniz və qoruyucu tədbirlər görməsəniz, gözlənilməz problemlər təkcə evinizi deyil, bütün həyatınızı əhatə edəcək. Yeniyetmələrin yaşadığı psixoloji problemlərin kökündə adətən uşaq bezi dövründən qalan pis xatirələr dayanır.

Biz həmişə narahatıq. Görəsən, uşağımız zərərli saytlara girirmi? Bu saatda onun telefonu ilə nə işi var? O kimlə görüşür? O, kiber zorakılığa məruz qalır? Və s.

Qonaq otağında televizorun qarşısında oturarkən uşağınız öz otağında döyülə bilər. Onlarla, bəlkə də yüzlərlə insan tərəfindən.  Səs və qan olmadığından xəbərdar ola bilməzsiniz. Daxili qanaxmanı aşkar etmək üçün onun ruh dünyasının rentgenini çəkmək lazımdır. Buna ancaq dialoq yolu ilə nail olmaq olar. Aktiv meditasiya həm də dialoq qurmaq üçün ən yaxşı üsuldur. Bu anlayış valideynlərin uşaqları ilə internetdən danışması, internetdən istifadə edərkən övladlarının yanında və ya yaxınlığında oturması və onları interneti kəşf etməyə təşviq etməsi deməkdir.

Sağlam zehni inkişafı olan hər bir uşaq planşet və smartfonları sevəcək. Bu tamamilə normaldır. Amma sevməklə, aludə olmaq arasında fərq var. Əgər tədbir görsəniz, texnologiya faydaya çevrilir.

Uşağınızın bəzən sizin kitab oxuduğunuzu görməsinə icazə verin. Həftənin müəyyən günlərində evinizdə yalnız vərəqlərin xışıltısı eşidilir. Ana kitab oxusun, ata qəzet oxusun, eyni zamanda çay içsin. Səssiz və görüntüsüz bir mühitdə insanın nə qədər dinc ola biləcəyini uşaq hiss etsin. Məsələn, ayaqlarınızın yanında boya çəksin. Və ya xalçaya arxası üstə uzanıb xəyal qursun. Ancaq fikrinizi bir az boş saxlasın.

Xülasə, gələcəkdə canınızın sıxılmasını istəmirsinizsə,qoyun uşaqlarınızın  ilk 5 yaşında biraz canları sıxılsın.