İki ayı balası və tülkü

Text Page

İki ayı balası yağlı, iri bir pendir tapır. Amma heç cür bölə bilmirlər. Qorxurlar ki, birinə az, o birinə çox düşər. Bir tülkü onlara yaxınlaşıb deyir:
– Verin mən bölüm!
Onlar pendiri tülküyə verirlər.
Tülkü pendiri bərabər olmayan iki hissəyə böldü. Ayı balaları o saat qışqırırlar:
– Biri o birindən böyükdür!
Tülkü onları sakitləşdirir:
– Dayanın, bu saat bərabərləşdirəcəyəm.
O, böyük hissədən bir parça dişləyib yeyir, ancaq bu dəfə həmin hissə o birindən kiçik olur.
Tülkü pendir tikələrinə baxır:O, yenə böyük pendir tikəsini dişləyir. Ayı balaları bu dəfə də narazı qalırlar.
Tülkü hey dişləyir, dişləyir… Ayı balaları isə burunlarını gah bu, gah da o biri tikəyə çevirib narazılıq edirlər.Tülkü isə pendirdən doyunca yeyir. Axırda iki balaca tikə qalır. O, bu tikələri ayı balalarına verib deyir:
– Alın yeyin, az da olsa, bərabərdir.
Tülkü şələ quyruğunu qaldırıb öz yolu ilə gedir.


Mənbə: Azərbaycan Nağılları