Uşaqlarla evdə məşğul ola biləcəyiniz fəaliyyətlərlə bağlı məsləhətlər

Text Page

Uşaqlarla evdə məşğul ola biləcəyiniz fəaliyyətlərlə bağlı məsləhətlər #EvdəQal #TəhsildənQalma

Oyun hətta evə qapanıb qaldığınız vaxtlarda belə, sağlam inkişafa kömək edir. “COVID-19” virusu nəticəsində sosial məsafə tətbiq edən, özünü karantinə alan ailələr artdıqca və məktəblər və iş yerləri bağlandıqca, təkcə sağlamlıq məsələlərinə görə deyil, həm də birdən-birə yüksək enerjili balacalarla birlikdə günlərlə evdə qalmaq reallığı səbəbindən insan stresslə üzləşməsi mümkündür. Bu ehtimalla bağlı erkən planlaşdırma aparmaqla və ehtiyatda bəzi hazır məşğuliyyətlərə və tədbirlərə malik olmaqla, siz stress hissini azalda və daha hazırlıqlı ola bilərsiniz! 

Oyuncaqları növbəli şəkildə istifadə etməklə başlayın 

Müxtəlif oyuncaqlarınız varsa, onlardan növbəli şəkildə istifadə etməyə cəhd edin. Uşağınızın oynaması üçün bir neçə oyuncaq seçin və qalanları gözdən uzaq bir yerə qoyun. Təxminən bir həftə sonra onların istifadə etdiyi oyuncaqları kənarda saxladığınız oyuncaqlarla əvəzləyin və budur, sanki onların yeni oyuncaqları oldu! Bildiyimiz kimi, uşaqların oyuncaqları onları ancaq müəyyən müddətdə əyləndirir... və sonra onlar yenidən darıxmağa başlayır. Körpələrdə və azyaşlılarda darıxma əlamətləri bizdəki kimi olmaya bilər. Uşağınızın darıxdığını bildirən əlamətlər bunlardır:

  • Vurnuxma və ya ağlama
  • Diqqətini oyuna cəmləməkdə və ya oyunda iştirak etməkdə çətinlik çəkmə
  • Aqressivliyin artması 

Valideynlərlə uşaqların oynaya biləcəyi oyun ideyaları

Uşağınızla birlikdə həyata keçirmək üçün məşğuliyyətlər axtararkən, onların ehtiyaclarını ödəmək və əyləncənin davamlı olmasını təmin etmək üçün müxtəlif oyunlar təklif etməyi nəzərdən keçirin. Müstəqil oyun (siz yaxınlıqda olmaqla, uşaqların təkbaşına oynaması) da mühüm oyun formasıdır və valideynlər öz körpələrinin və azyaşlı uşaqlarının təkbaşına oynamasına imkan verdikləri üçün özlərini günahkar hiss etməməlidir.   

Azyaşlı uşağınızla sınaya biləcəyiniz müxtəlif oyun ideyalarından bəziləri aşağıda verilir: 

Çöldə vaxt keçirmə

Çölə çıxmaq güman ki, sizi gümrahlaşdıracaq və hamınız üçün əla mühit dəyişikliyi olacaqdır. Lakin, sosial məsafə qaydasına riayət etmək lazımdır və uşaqların digər uşaqlarla oynaması yolverilməzdir. Oyun meydançasındakı avadanlıqlara toxunmaqdan çəkinin. Bunun əvəzində, qaçın, təpəciklərdən yuvarlanın, kenquru kimi hoppanın və ya uzanıb buludlara baxın. Bayırda oynadıqdan sonra evə qayıtdıqda əllərinizi yaxşıca yuyun

Körpələr üçün

  • Gəzinti və ya nağıl danışmaq üçün onların arabalarını bayıra çıxarın.
  • Körpəni qarnı üstündə qoymaq üçün çəmənin üstünə adyal sərin.
  • Köpüklərdən zövq alın, musiqi dinləyin və birlikdə nəğmə oxuyun, bayırda gördükləriniz barədə danışın.
  • Arabanı bir yerdə saxlayın və ya körpənizi qucağınızda tutun ki, böyük bacı-qardaşlarının və ya digər uşaqların oynamağına baxsınlar.

Azyaşlılar üçün

  • “Görürəm” oyunu oynayın (çalışın sadə olsun, məs. “Mən mavi rəngli bir şey görürəm”, “Mən hərəkət edən bir şey görürəm”).
  • Daş və ya yarpaq yığın, sonra onları ölçü, rəng və formalarına görə çeşidləyin.
  • Topu irəli-geri vurun, yuvarladın və ya atın.
  • Palçıqda çala qazın (vedrə, kasa, ölçü fincanı, qaşıq, bağ alətləri - nəyiniz varsa, yaddan çıxarmayın).
  • Tabaşirlə oynayın: şəkillər çəkin, bir-birinizin siluetini çəkin və sair. 
  • Su ilə boyama oyunu oynayın. Fincanı su ilə doldurun və səkini, qapını və s. “boyaması” üçün uşağınıza fırça verin.
  • Köpük üfürün.
  • “Səni tutacam” oyunu oynayın. 
  • Yaşadığınız ərazidə görə biləcəyiniz müxtəlif heyvanları- quş, dələ, dovşan, maral və s.  təqlid edin.

Evdə oynanılan oyunların çoxunu çöldə də oynamaq olar. Ona görə də, hava əlverişli olarsa, bayıra bir az oyun kubiki gətirin, açıq havada birlikdə mütaliə edin, həyətdə karton qutunu rəngləyin və ya boyayın. 

Fiziki oyun

Balacaların hərəkət etməyə, bədənlərini və səslərini işlətməyə ehtiyacları vardır. Onlar yüksək səs çıxarmaq, qaçmaq, dırmaşmaq və hoppanmaq üçün imkanlara ehtiyac duyurlar. Bu həm evdə, həm də kənarda baş verə bilər. Aşağıda bəzi ideyalar verilir:

  • Musiqini qoşun və rəqs şənliyi keçirin.
  • Divanın döşəkcələrini döşəmənin üzərinə qoyun və birindən-digərinə iməkləyin, addımlayın və ya sıçrayın (döşəməyə toxunmayın, o, “isti lavadır”!) .
  • Döşəkağından paraşüt kimi istifadə edin (onu geniş açın və başınızdan yuxarı qaldırın, sonra isə döşəməyə endirin). Körpələr üçün isə yüngül adyalı onların üzərinə sərib sonra qaldıraraq “cicci” oyunu oynayın.  
  • Döşəkağı, yorğan, divan döşəkcəsi, yastıq, stul və digər əşyalarla qala qurun. Hətta evin içində düşərgə də qura bilərsiniz!
  • Mebel, yastıq və oyuncaqlardan istifadə edərək maneələr zolağı qurun. 

Sakit oyun

Uşaqların (və sizin) hər gün müəyyən qədər sakit vaxta da ehtiyacınız vardır. Bu, dincəlmək, enerjini bərpa etmək üçün əladır və bəlkə, hətta sizə bəzi işləri görmək imkanı da verə bilər. 

  • Birlikdə və ya müstəqil şəkildə mütaliə edin (azyaşlılar kitabların səhifələrini çevirə və şəkillərdə gördükləri barədə danışa bilərlər)
  • Rəngləmə
  • Pazl
  • Tikinti kubikləri
  • Əşyaları çeşidləmə
  • Yumşaq oyuncaq heyvanlar, gəlinciklər, qatarlar, avtomobillər və ya mətbəx əşyaları ilə “evcik-evcik” oyunu oynamaq
  • Kağız üzərində yapışqanlı şəkil – siz kağızda böyük fiqurlar, hərflər və ya rəqəmlər çəkə bilərsiniz və uşağınız yapışqanlı şəkillərlə onları haşiyələyə bilər
  • Kağız üzərində yapışqanlı lent – siz yapışqanlı lentdən qısa hissəciklər kəsə bilərsiniz və uşağınız onları kağız parçasına yapışdıra bilər (darıxdırıcı görünsə də, balacalar bunu xoşlayır). 

Unutmayın ki, uşaqlar üçün ən sevimli oyunlardan biri də sizə “real” işlərdə kömək etməkdir. Azyaşlı uşağınızın yemək hazırlanmasında, süfrə qurulmasında, camaşırların çeşidlənməsi və kənara yığılmasında, təmizlik işlərinin görülməsində (məs. ayaqqabıların şkafa qoyulması) və ya hamamda səbətə yeni tualet kağızı rulonlarının qoyulmasında sizə kömək edə bilib-bilməyəcəyi barədə fikirləşin. Bu işlər uşaqlarınızla görüldükdə bir az çox vaxt alsa da, bu, onlar üçün əyləncəlidir və onlara birgə işin dəyərini də öyrədir.   

Gündəlik rejiminiz barədə fikirləşmək 

Bu fasilə dövrü ərzində gündəlik rejimlərinizi mümkün qədər stabil saxlamağa çalışın. Oyanma vaxtı, yemək vaxtları, gün ərzində və gecə yatma vaxtlarını həmişəki kimi saxlamaqla, gündəlik rejiminizə mümkün qədər riayət edin. Qabaqcadan gözlənilənlik uşaqların inkişafına kömək edir və onların qayğısına qalanlar üçün də xeyirlidir (balacalarla keçən uzun günü daha kiçik və idarə edilə bilən hissələrə böldükdə onun öhdəsindən gəlmək daha asan olur). 

Körpələrinizin və azyaşlı uşaqlarınızın inkişafına kömək etmək, eləcə də onların (və sizin) özünü evdə ilişib-qalmış hiss etməməsi üçün onlarla evdə məşğul ola biləcəyiniz fəaliyyətlər barədə daha ətraflı məlumat üçün “Bir illik oyun” və “Mənimlə oyna” səhifələrini nəzərdən keçirin.  

Əlavə məlumat lazımdır?  

Ailələr üçün ən son resurslarımız və məlumatlarımız üçün zerotothree.org/coronavirus səhifəsini ziyarət edin.